Təhsil sistemində olan açıq-aşkar problemlər və onun həllinə dair irad və təklifləri onsuz da nə qəbul edən və də reaksiya verən yoxdur. Elə bir mənzərə yaranıb ki, təhsildə olan biabırçılıqları dilə gətirəndə, bu sahəyə məsul olan şəxslər qıcıqlanır, acığa düşür və problemi daha da dərinləşdirirlər. Ona görə də hərdən elə düşünürsən ki, bəlkə təhsil sistemində olan inkarsız biabırçılığı "tərifləyəsən", ya da o barədə heç danışmayasan...
Yanvar ayının ilk günlərində Azərbaycanda hava şəraitin kəskin dəyişməsi, temperatur mənfiyə düşməsi, ölkədə bəlli problemləri təkrar-təkrar üzə çıxardı. Yaranmış hava şəraiti həm də məktəblərin istilik sistemi ilə təhcizatda illərlə üstüstə-üstə yığılmış problemlərin hələ də aradan qaldırılmadığını göstərdi. Ancaq maraqlı olan bir məsələdə odur ki, həqiqətən bütün texniki problemləri, o cümlədən istilik təhcizatı yüksək səviyyədə həll edilmiş bəzi məktəblərdə biganəlik, fürsətçilik, məsuliyyətsizlik ucbatından kollektivinin, məsul şəxslərin vəzifə borcların tərkib hissəsinə çevrilib. Məktəblərdə əmək intizamsızlığı, nəzarətsizliyi o səviyyədədir ki, şagirdlərin davamiyyət məsələsi sıfıra bərabərdir. Dərs deməli olan müəllimlərə "repititor" imkanı yaradan və bir qrup şəklində fəaliyyət göstərən müəllim-direktor "biznes birliyinə" qarşı çıxan nə inzibati, nə də hüquq-mühafizə orqanları yoxdur. Nəzarət mexanizmi faktiki olaraq formal xarakter daşıyır. Bu məsələyə məsul orqan və vəzifəli şəxslərin müdaxiləsinin olmaması, yaxud gecikməsi də təbii ki, xoş niyyətli ola bilməz. Qaldı, problemi və həmin şəxsləri öz adı ilə adlandırmaq...
Yeri gəlmişkən keçən il aprel ayın 27-də yazdığım münasibəti də diqqətinizə təqdim edirəm:
"Qanuniləşdirilən könüllü pul yığımı - ləğv edə bilmədiyiniz rüşvətin gizlədilməsidir.
Mən belə anladım Emin müəllim...
Yüksək dövlət postlarına gənclərin təyinatı ilə yaranmış ümidlərimiz təhsil naziri Emin Əmrullayevin timsalında da məhv olur. Emin müəllim dünən çıxışında məktəblərdə pul yığımına növbəti dərs ilindən pilot lahiyə kimi tətbiq ediləcəyini deyib. Bu açıqlamanı şərh etmək istəməzdim çünki, nə cəmiyyətin fikrini sayan var, nə də nəticələri hesablayan. İmam Əli demişkən, söz də Allahın nemətidir-sözü də israf etmək olmaz. Əgər bizi dinləyən yoxdursa, heç danışmağa da dəyməz.
Ancaq, bir haşiyə çıxım, ümumiyyətlə belə bir yanaşma var ki, əgər insan rəhbər post tutursa - deməli ağıllı insandır və onun dedikləri, qəbul etdiyi qərarlar xeyirlidir. Təəssüf ki, bizdə əksər hallarda əksinədir. Yüksək vəzifələrə ancaq "elit" nəslin nümayəndələri təyin olunur, təhsili, ağılı, bacarığı, milliliyi heç də önəm daşımır. Məgər Emin Ərullayev bilmir ki, təhsil strateji sahədir, əhalinin təhsili dövlətimizin bir nömrəli məqsədi və vəzifəsidir. Belə açıqlamalardan sonra düşünürsən ki, təhsilimizdə "rüşvəti" könüllülük adı ilə maskalamaq istəyənlərin məqsədi düşünə bilən cəmiyyət yox, kütlə yaratmaqdır.
Ya da, özünü ən yaxşı "nümunəvi" tərəfdən göstərən Sahil Babayev yolunu davam etdirən Emin Əmrullayev məktəblərdə pul yığımına "könüllülük" donu geyindirməklə büdcəyə qənaət etmək niyyətindədir. Əgər belə olmasaydı ki, Emin Əmrullayev məktəblərin maddi təminatını valideyinlərin belinə yıxmağa çalışmazdı. Həm də, qanuniləşdirilən könüllü pul yığımı - ləğv edə bilmədiyiniz rüşvətin gizlədilməsidir. Mən belə anladım Emin müəllim."
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas