Vasib Talıbov nəylə məşğul imiş, nə edirmiş, nə istəyirmiş? Biz dedik, bu adam ən uzağı, vəzifə pozuntuları törədib, yəni korrupsiya, səlahiyyət həddini aşma, məmur özbaşınalığı kimi. Aydın olur ki, Cinayət Qanununun müxtəlif tərəflərini pozurmuş. Hətta, insan oğurluğu və reket kimi tipik kriminal aləm zorakı əməllərindən tutmuş, xalqın, dövlətin sarsılmasına yönələn siyasi və təhlükəsizlik xarakterli pozuntularadək. Adam haradan gəldi, oradan vurub qabağına keçəni, istər kasıb, ya varlı camaatı, istər kiçik, orta, ya iri sahibkarları, xalqı, cəmiyyəti, dövləti, hamını.
Naxcıvanla da kifayətlənməyib, keçib Bakıya və Azərbaycanın digər bölgələrini söküb, dağıdıb, əzməyə. Heç Azərbaycanla da kifayətlənməyib, keçib xariclə Azərbaycanın arasında iqtisadi və "digər" sahələr üzrə, ölkə mənafeyinə ziyankar mübadilələrə. Adam, Naxcıvanı özünə bir baza, ofis edibmiş, oradan bütün Azərbaycana ziyan, sarsıntılı əməllər üzrə. Nə imiş, bunun məqsədi, amal, hədəfi? Elə bil, bölgənin, ölkənin qəsdinə dayanıbmış. Bilmirsən, bu miqyaslı pozuntuları qəsdən, planlı edib, ya pul, var-dövlət hərisliyi, və yaxud da vəzifə ekstazı, maniyasından edib.
Hər gün nə qədər biabırçı faktlar və qanunsuz əməllər ortaya çıxır, hələ çıxmaqda davam edir. Naxcıvan Ali Sovetnin sədri postundan istifadə etməklə nə qədər qanunsuzluqlar, özbaşınalıq, qoçuluq əməli törədib. Nə qədər özgə mülkləri, özəl və hətta dövlətin müəssisələrini qanunsuz mənimsəyib. Və nə qədər insanı, sahibkarı heç nəsiz qoyub, evlər yıxıb və həyatlar məhv edib. Belə çıxır, adamın işi-gücü ancaq ki, səhərdən axşamacan pozuculuq, yırtıcılıq, ziyançılıq imiş. Bu düşüncəsiz, oğul-uşağını, qohumu-ətrafını hətta, nazirləri də qatıb belə ziyankar əməllərə.
Yəqin ki, artıq Naxcıvanın keçmiş rəhbəri Vasib Talıbov və qohum-ətrafının əməlləri barəsində mətbuat, tv-lərdə göstərilən pozuntulu faktlar, zərərçəkən vətəndaşların şikayətləri, şahidlərin təsdiqləri barəsində aidiyyətli hüquq-mühafizə orqanları qeydiyyat aparır, lazımi reaksiya verir, və prosessual qaydalı araşdırmalar aparılır. Hər kəs törətdiyi əmələ görə çıxıb cavab verməlidir.
P. S.
Doğrudan da, bəzi layiqsiz, səviyyəsiz insanlar üçün yüksək etimad, vəzifə, səlahiyyətlər sanki yırtıcıya çevrilmə ruhu yaradır. Sanki, başqa bir paralel dünya, buraxma həyat yaşayırlar. Vəzifə mahiyyəti, məsuliyyətini, ölkəni, dövləti, reallığı unudan Talıbov da orta əsr xanlıq hissi yaşayıb. Heç keçmişdəki xanlar, bəylər öz rəiyyətinə, öz camaatına bu alçaltma, zülm, əziyyəti etməyib. Azərbaycan feodal təfəkkürlü, xalqa və dövlətə ziyankar, gerizəkalı məmurlardan qurtulmalıdır.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri