"Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir".
Bu fikirləri Newscenter.az-a Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin Siyasi Şura və İH-nin üzvü Könül İsmayılova səsləndirib. O bildirib ki, Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub:
"Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. İndi isə hədəfimiz bərpaolunan enerjidir".
Könül İsmayılova diqqətə çatdırıb ki, Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var:
"Son illərdə Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, Ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub deyə bilərik. Bunu Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə işgüzar səfərə getməsi də təsdiqləyir. Eyni zamanda o da vurğulanmalıdır ki, Ərəb ölkələri hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə ediblər".
Könül İsmayılova onu da əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində də çıxışı etdi:
"Aydın məsələdir ki, İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri hər nə qədər işgüzar xarakterli olsa da, bir çox baxımdan diqqət çəkirdi".
Anar