“Demokratik, hüquqi dövlət quruculuğunda siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rolu hər zaman önə çəkilir. Heç bir demokratik dövlət vətəndaş cəmiyyəti institutları olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanın bu konteksdə təcrübəsi isə müsbətdir, nümunəvidir. Siyasi partiyalara, ictimai birliklərə fəaliyyətləri üçün normal şəraitin yaradılması dövlətin diqqət göstərdiyi əsas məsələlərdəndir. Eyni zamanda, ölkəmizdə istər siyasi partiyaların, istərsə də ictimai birliklərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası mövcuddur və ölkəmizdə yeni formalaşan siyasi konfiqurasiya qanunvericilik sahəsində siyasi sistemin daha da təkmilləşdirilməsini zəruri etmişdir”.
Bunu Newscenter.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, “Siyasi partiyalar haqqında” yeni qanun siyasi partiyaların fəaliyyətinə geniş imkanlar yaradacaq, onların nüfuzunun daha da yüksəlməsinə ciddi təsir edəcək. Şübhəsiz ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış strateji əhəmiyyətli addım kimi səciyyələndirilə bilər. Yeni qanun layihəsi hazırlanarkən 24 ölkənin, o cümlədən Avropa ölkələrinin də təcrübəsi öyrənilib.
Onun sözlərinə görə, yeni qanunda siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlər və digər məqamlar əksini tapır:
“Yeni qanunun qəbulu ölkəmizdə siyasi münasibətlərin inkişafına, partiyaların cəmiyyət həyatında iştirakçılığının artmasına böyük töhfələr verəcək. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunu demokratik inkişaf yolunda atılmış uğurlu addımlardan biridir və bu, ölkəmizin milli inkişafının bariz nümunəsi kimi səciyyələndirilməlidir. Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma tendensiyası uğurla davam etdirilir. Diqqət yetirilməli olan əsas məqamlardan biri də yeni Qanunun ölkədə həyata keçirilən çoxşaxəli islahatlar prosesinə uyğun olaraq mövcud siyasi sistemin təkmilləşməsinə xidmət etməsidir”.