“EduSimbioz-Təhsil üçün öyrən və öyrət” layihəsi çərçivəsində görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, 82 nömrəli tam orta məktəbin direktoru Leyla Fətiyeva, ADPU-nun Strateji inkişaf mərkəzinin əməkdaşları, tələbələri, layihənin psixoloqu Sevinc İsmayılova və müəllimlər iştirak edib.
Görüşdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva müəllim peşəsinə yiyələnən gənclərin mühüm bir missiya daşıyıcısı olduğunu bildirib. İdarə müdiri tələbə kimi hərtərəfli seçimlərdən keçərək ümumi təhsil müəssisələrinə dəstək işini üzərinə götürməyin səmimi istək və vətənpərvərlik göstəricisi olduğunu bildirib. Məktəblərdə şagirdlərə bilik verilməklə yanaşı, onlarda müəyyən bacarıqların formalaşmasına nail olmağın vacibliyindən danışan Mehriban Vəliyeva universitet-məktəb arasında qarşılıqlı əlaqənin müsbət nəticələrinin olacağına inandığını deyib.
ADPU-nun prorektoru Könül Pirverdiyeva layihənin məqsədi, məktəblərin reytinq meyarları, şagird nəticələrinin ölkə üzrə təhlili, milli və beynəlxalq qiymətləndirmə nəticələrinə əsasən Azərbaycan dili və riyaziyyat fənlərinin tədrisindəki problemlər barədə məlumat verib.
Sonra ADPU-nun Strateji İnkişaf Mərkəzinin əməkdaşı Vəfa Nəzirova təqdimatla çıxış edib.
Tələbələr layihə çərçivəsində mentor kimi fəaliyyət göstərdikləri Qaradağ rayonundakı məktəblərdə müşahidə etdikləri vəziyyətin təhlilinə dair fikirlərini bildirib, müvafiq təkliflərlə çıxış ediblər.
Qeyd edək ki, “EduSimbioz-Təhsil üçün öyrən və öyrət” layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olan 82 nömrəli tam orta məktəb tərəfindən hazırlanıb. Layihə çərçivəsində ADPU-nun riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarında təhsil alan tələbələri ümumi təhsil məktəblərində mentor kimi fəaliyyət göstərirlər.
Layihənin məqsədi Bakı şəhəri üzrə şagird nailiyyətləri aşağı olan Qaradağ rayonunda yerləşən 13 ümumi təhsil məktəbində IX sinif şagirdlərinə tələbə-mentor, psixoloji dəstək xidməti göstərməklə Azərbaycan dili və riyaziyyat fənləri üzrə öyrənmə boşluqlarının tamamlanmasıdır.
Hazırda 53 tələbə layihədə mentor kimi fəaliyyət göstərir. Layihə ümumi təhsil məktəblərində təhsil alan 500-ə yaxın məktəblini əhatə edir.
R.Mehdiyeva