Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan tezliklə Avropaya yaşıl enerjinin əsas tədarükçülərindən birinə çevriləcək

Azərbaycan tezliklə Avropaya yaşıl enerjinin əsas tədarükçülərindən birinə çevriləcək


“Hazırda Avropanın qarşısında duran bir nömrəli məsələ qitənin dayanıqlı və təhlükəsiz enerji ilə təminatına nail olmaqdır. Bu məsələdə isə region üçün əsas açar dövlət məhz Azərbaycandır”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində isə 1-ci iclasına münasibət bildirərkən səsləndirib. Millət vəkili deyib ki, Azərbaycanın birbaşa təşəbbüskarı və iştirakçısı olduğu qlobal əhəmiyyətli layihələr Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığı üçün qitə ölkələrinin rəsmi Bakının reallaşdırdığı həmin layihələrə olan marağı ildən-ilə artır:

“Biz bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin hər il ənənəvi olaraq keçirilən görüşlərinə qatılan ölkələrin sayının artmasından aydın şəkildə görürürk. Bildiyiniz kimi bu il baş tutan sayca 9-cu görüşə Azərbaycanda səfərdə olan Rumıniya prezidenti Klaus Yohannis də qatılmışdı. Bu amilin özü də bir daha Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində getdikcə daha mühüm rol oynadığını deməyə əsas verir”.

Millət vəkili deyib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyinin zərbə altında qalması, Rusiya qazının alınmasında meydana çıxan problemlər Azərbaycanı qitə ölkələri üçün daha cəlbedici edib. İqbal Məmmədovun sözlərinə görə, bir müddət əvvəl dövlət başçısı Cənab İlham Əliyevin Macarıstana rəsmi səfərə dəvət edilməsi, bu günlərdə isə Rumıniya prezidenti Klaus Yohannisin ölkəmizə səfəri də məhz sadalanan amillərdən irəli gəlir:

“Burada Azərbaycanın həm regiondakı gücü, çəkisi və nüfuzu, eyni zamanda rəsmi Bakının indiyə qədər həyata keçiridiyi, yaxud təşəbbüskarı olduğu bu və ya digər layihələrin rentabelliliyi, özünü doğrultması da mühüm faktor rolunu oynayır. Avropada, ümumən dünyada hər kəs şahiddir ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə keçirilən bütün layihələr perspektivli və gələcəyə hesablanmış, təkcə Bakıya deyil, eləcə də yaxın və uzaq qonşulara divident gətirə bilən layihələrdir. Azərbaycanın həyata keçirdiyi layihələrə olan beynəlxalq marağın artmasını şərtləndirən əsas amillərdən biri də məhz budur”.

İqbal Məmmədov Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasına da toxunaraq qeyd edib ki, alternativ enerji mənbələri, xüsusilə də “yaşıl enerji” günümüzün ən vacib elementlərindən birinə çevrilib. Deputat bu sahədə də Azərbaycan aparıcı rol oynayan ölkələrdən biri olduğunu diqqətə çatdırıb:

“İnanırıq ki, Azərbaycan tezliklə Avropaya yaşıl enerjinin əsas tədarükçülərindən birinə çevriləcək. İlk növbədə Macarıstan və Rumıniya Azərbaycandan yaşıl enerji idxal edəcək ölkələr sırasında yer alacaq. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq".

Anar
Xəbəri paylaş