Beynəlxalq Qarabağ Forumunun növbəti toplantısı keçirilib. Toplantının gündəliyində əvvəlcədən müəyyənləşmiş məsələlər ikinci plana keçirilərək yalnız qardaş Türkiyədə baş vermiş təbii fəlakət və onun nəticələrinin aradan qaldırılması müzakirə mövzusu oldu.
Newscenter.az-a qurumun mətbuat xidmətindən verilən məlumata görə, forumun Türkiyədən olan üzvləri Gursoy Solmaz, Ziya Zakir Acar zəlzələnin törətdiyi dağıntıların miqyası və mövcud vəziyyət barədə ətraflı məlumat verdilər. İclasın moderatoru Elşən İbrahimov, Ceyhun Əliyev Rusiyada, Forumun koordinatoru Akif Nağı, üzvləri Şamil Mehdi, Novruz Novruzbəyli Azərbaycanda, Burzu Qılıncxanov Almaniyada başlanmış yardım hərəkatının vəziyyəti və istiqaməti haqda fikirlərini söylədilər.
Toplantı iştirakçıları belə bir yekdil fikir bildirdilər ki, bu çətin günlərdə bütün Türk dünyası Türkiyənin yanındadır və bu güc hərbir çətinliyi aradan qaldırmağa qabildir. Biz çalışmalıyıq ki, ilk növbədə dağıntılar altında qalmış, ev-eşiyini itirmiş insanlara imkanımız çatan qədər maddi və mənəvi dəstək olaq. Şükürlər olsun ki, bu dəstək kifayət qədərdir. Baş verən proseslər fonunda Türk dünyası bütöv bir toplum şəklində birliyini nümayiş etdirməklə yanaşı siyasi konteksdə dostlarını və düşmənlərini daha aydın şəkildə tanıdı. Biz gələcəyə nikbin baxmalı və qardaşlıq yolumuzu davam etdirməliyik.
Mehman