Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydərabad şəhərinin salınması Qarabağın inkişafı baxımından əhəmiyyətli olar

Heydərabad şəhərinin salınması Qarabağın inkişafı baxımından əhəmiyyətli olar


Artıq 20 ilə yaxındır ki, Azərbaycanda uğurla həyata keçirilən Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramları respublikamızın simasını əsaslı dərəcədə dəyişib, onu nəinki regionun, hətta dünyanın lider dövlətləri sırasında qərarlaşdırıb. Dövlət Proqramlarının icrası həyatımızın bütün sahələrində öz müsbət elementləri ilə yadda qalıb.

Günümüzdə isə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, abadlaşdırılması istiqamətində işlər görülür. Bu gün başda mədəniyyət paytaxtımız Şuşa olmaqla işğaldan azad edilmiş hər bir şəhər və rayonumuzda geniş miqyaslı quruculuq-abadlıq işləri həyata keçirlir. İşğaldan azad edilən ərazilərimizdə bu istiqamətdə görülən işlər də bir növ Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının davamıdır.

Sevindirici haldır ki, düşməndən azad edilən ərazilərdə quruculuq-abadlıq işlərinin aparılması, Qarabağımızın sözün həqiqi mənasında cənnətə çevrilməsi üçün hər bir Azərbaycan vətəndaşı çiynini bu ağır yükün altına verir, bu prosesə əlindən gəldiyi qədər dəstək olmağa çalışır. Necə ki, "Milli İnkişaf" İctimai Birliyi kimi. Məlum olduğu kimi sözügedən İctimai Birlik Qarabağda Heydərabad şəhərinin salınması ideyası ilə çıxış edərək Təşəbbüs Qrupu yaradıb. Ötən müddət ərzində Təşəbbüs Qrupu sözügedən layihənin reallaşması istiqamətində bir sıra əməli addımlar da atıb. Hətta bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Təşəbbüs Qrupu üzvləri adından müraciət də ünvanlanıb. Bu barədə məlumat verən Təşəbbüs Qrupu və "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, 30 il işğal altında qalan torpaqlarımız erməni vandalları tərəfindən tamamilə dağıdılıb, şəhər və kəndlərimiz viran edilib, ərazinin flora və faunası məhv edilib, yeraltı və yerüstü sərvətləri talanıb: "Eyni zamanda işğal dövründə infrastruktur və kommunikasiyalar dağıdılıb, tarixi abidələr, mədəniyyət obyektləri,ş qəbirstanlıqlar yerlə yeksan edilib. Torpaqlarımız işğaldan azad edilən kimi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edilən ərazilərdə geniş quruculuq işləri başlandı. Şərqi Zəngəzur və Qarabağda həyata keçirilən geniş quruculuq işləri ilə bütün dünyaya sübut olunur ki, bu ərazilər Azərbaycanln əzəli, tarixi torpaqlarıdır. Biabırçı məğlubiyyətinə, ümidsizliyinə baxmayaraq, ermənilər və onların xarici havadarları hələ də susmaq istəmir, əsassız torpaq iddialarından əl çəkmirlər. Ancaq bu şər və avantürist qüvvələri əbədi susdurmaq üçün Qarabağa ərazisində dünyaya səs sala biləcək daha böyük, iri bir investisiya layihəsinin həyata keçirilməsi hər bir azərbaycanlının ürəyincə olar. Bu iri layihə Qarabağ ərazisində çoxmilyonluq Heydərabad şəhərinin tikilməsi planıdır. Buna bütün dünya azərbaycanlıları bir daha sevinəcək".

Arzuman Muradlı qeyd edib ki, beynəlxalq standartlara uyğun tikilən Füzuli Hava Limanı salınandan sonra bu Heydərabad şəhəri layihəsinin həyata keçirilməsinə olan ümidlər daha da artıb: "Bildiyiniz kimi Füzuli hava limanının ətrafı, Araz çayı boyunca, Füzuli, Cəbrayıl, Beyləqan və Xocavənd rayonun ərazilərindən ibarət, təqribən 2000-2500 kvadrat kilometr ərazilərin ayrılaraq müasir tələblərə cavab verən Heydərabad şəhərinin salınması irəli sürdüyümüz təşəbbüsdür. Onu da deyim ki, həmin ərazilərdə müasir şəhərsalma üçün hər cür şərait var". Arzuman Muradlı bildirib ki, Heydərabad şəhərinin salınmasının nəzərdə tutulduğu ərazi əlverişli relyefə malikdir. Ərazidə düzənlik sahələr çoxdur və dağlarla əhatə olunub. Həmçinin ərazinin əlverişli coğrafi mövqeyi mövcuddur: "Ərazidə Füzuli Beynəlxalq Hava Limanının mövcud olduğunu nəzərə alaraq deyə bilərik ki, Heydərabad şəhəri beynəlxalq əlaqələr baxımından da əlverişli mövqedə yerləşmiş olacaq. Bundan başqa münbit torpaq örtüyü, füsünkar təbiəti və mülayim iqlimi, təmiz hava, eyni zamanda bol sulu olması şəhərsalma üçün əhəmiyyətli rol oynayır. Ərazi beynəlxalq turizmin inkişafı üçün də əlverişli mövqedə yerləşir. Bütün bunlar qeyd etdiyimiz ərazidə müasir şəhərsalma standartlarına uyğun Heydərabad şəhərinin inşasını əlverişli edir. Müasir şəhərsalma üçün lazım olan şəraitin qeyd edilən ərazidə olması bizə bir daha əsas verir ki, Heydərabad şəhərinin inşası Azərbaycan üçün çox böyük əhəmiyyətə malik olacaq. Bu şəhərin gələcək perspektivləri parlaqdır".

Təşəbbüs Qrupunun rəhbəri yeni salınması nəzərdə tutulan şəhərə Heydərabad adının seçilməsinin də təsadüfi olmadığını deyib. Arzuman Muradlı qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Füzuli rayonun sosial-iqtisadi inkişafında xidmətləri əvəzsiz olub: "Ümummilli lider ölkəyə rəhbərlik etdiyi ilk illərdə, 1976-82-ci illərdə Füzuli rayonuna 2 dəfə səfər edib. Ulu öndərin hakimiyyəti illərində rayonda üzümçülük, panbıqçılıq, heyvandarlıq inkişaf etdirilib. Ulu öndərin həmin səfərləri nəticəsində rayonda üzüm sahələri 174 min hektara şatıb . Həmçinin, rayonda Araz çayı üzərində Köndələn su anbarı, yaxın region üçün ən böyük pambıq tədarükü zavodu tikilib. Bir sözlə Heydər Əliyevin diqqət və qayğısı nəticəsində rayon böyük inkişaf yolu keçib, tərəqqi edib. Ona görə də Füzuli rayonunun inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin adına şəhərin salınması təkcə füzulilər deyil, ümumilikdə bütün azərbaycanlılar üçün sevinc olardı".

Arzuman Muradlı ümid edir ki. "Heydər Əliyev İli" ərzində Heydərabad şəhərinin təməli qoyulacaq: "Bildiniz kimi bu il Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan olunub. Bu il ərzində Heydərabad şəhərinin təməlinin qoyulması Heydər Əliyevin 100 illik yubileyinə və "Heydər Əliyev İli"nə, həmçinin ümummilli lideri sevənlərə, ümumən xalqımıza ən gözəl hədiyyə olar".

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir
Xəbəri paylaş