"Ermənistanın baş naziri Nikol Paşinyanın məntiqinə görə, rəsmi İrəvan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidəçilərinə ona görə Azərbaycanla təmas xəttində yerləşməyə razılaşmayıb ki, 1) ABŞ və Avropa İttifaqı ilə münasibətlərinə xələl gəlməsin; 2) Qərb Ermənistanın Rusiya ilə birgə təmas xəttində Azərbaycana qarşı təxribat yaradacağı ittihamıyla üzləşməsin".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Paşinyannın bu açıqlaması onun Rusiyanın maraq dairəsindən uzaqlaşması anlamına gəlir:
"O bu açıqlamadan bir neçə həftə əvvəl “Ukraynada müharibə aparan Rusiyanın Ermənistanda hərbi varlığı (oxu: hərbi bazalarının varlığı) Ermənistan üçün təhdiddir” cümləsini işlətmişdi. Paşinyanın bu tip açıqlamaları Kremlı açıq-aşkar qıcıqlandırır. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilk dəfə “Azərbaycan Ermənistanın işğal altında saxladığı torpaqlarını azad edib” cümləsini işlədib".
Onun sözlərinə görə, Paşinyan Azərbaycana qarşı mübarizədə Qərbin dəstəyini almaq üçün Rusiya ilə münasibətlərdə məsafə saxalamağa başlayıb:
"Paşinyan eyni məntiqlə İrandan da uzaq dayanmağa çalışmalıdır. Ukraynada işğalçı müharibə aparan Rusiya ilə ittifaq Qərbdə Ermənistanın imicinə zərbədirsə, sanksiya altında olan teokratik İranla yaxınlıq da İrəvana Vaşinqton və Brüsellə münasibətlərdə problem yarada bilər. Bəlkə buna görədir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan İranın Ermənistanı dəstəkləməsinin ermənilərə olan böyük sevgidən irəli gəlmədiyini bildirib: “İran geosiyasi dəyişikliklərin qəbuledilməzliyini bəyan edəndə bunu, ilk növbədə, özü üçün edir. İran öz dövlət maraqlarından çıxış edərək silah satışını və daşınmasını həyata keçirir”.
Mərkəz rəhbəri hesab edir ki, bu yeni etirafdır:
"Deməli, İranla ittifaq da Ermənistana yükdür. Tehran İrəvanın xarici siyasətini korrektə etməsinə qıcıqlanacaq. İçərisində fransalı müşahidəçilərin yer alacağı Avropa İttifaqı nümayəndə heyətinin Azərbaycanla təmas xətti ilə yanaşı İrana yaxın ərazidə yerləşməsi Tehranın maraqlarına ziddir. “Bölgə ölkələrinin münasibətlərindəki problemlərin həllində kənar ölkələr iştirak etməməlidirlər” – bu iranlı rəsmilərin, diplomatların, din xadimlərinin və generallarının təkrarən söylədiyi açıqlamadır. İrəvan Tehranın bu yanaşmasına zidd olaraq İrana qarşı sanksiyaların sərtləşdirilməsində yer alan Fransanı bölgəyə gətirir".
Mehman