Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: “Azərbaycan həmişə Türkiyənin yanındadır və hər cür fədakarlığa hazırdır”

Jalə Əhmədova: “Azərbaycan həmişə Türkiyənin yanındadır və hər cür fədakarlığa hazırdır”


“Azərbaycan həmişə Türkiyənin yanındadır və hər cür fədakarlığa hazırdır”

"Qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər Azərbaycanı çox sarsıtdı. Təbii fəlakətin ilk dəqiqələrindən Prezident İlham Əliyev Azərbaycanın bu ağır məqamda öz qardaşlarına hər cür yardım göstərməyə hazır olduğunu bildirdi. Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bir daha qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadırlar. Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə də baş çəkərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi və orada çıxış etdi. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar başsağlığı verib, faciə zamanı həlak olanlara Allahdan rəhmət diləyib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapması arzularını ifadə edib. Cənab Prezident səfirlikdəki çıxışında bildirdi ki, Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili deyib ki, Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir:

"Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. İctimai təşkilatlar da öz dəstəklərini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verib. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulublar. Dövlət qurumlarının nümayəndələri, özəl sektor da öz dəstəklərini əsirgəmirlər. Həm maddi yardım, həm də texniki yardım göstərilir. Azərbaycanın ən böyük şirkəti SOCAR da yardım kampaniyasına qoşulub. Ölkəmizin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb.
Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, həkim briqadaları Türkiyədə dağıntılar altında qalmış insanların xilas edilməsi üçün var qüvvələrilə çalışırlar".

Deputat qeyd edib ki, Azərbaycandan Türkiyəyə təyyarələrlə, avtomobil karvanları ilə yardımlar, xilasetmə avadanlığı, tibb heyətləri, mobil səhra hospitalları, səhra mətbəxləri, humanitar yardım, generatorlar, nasos stansiyaları, avtomobillər, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair göndərilməkdə davam edir:

"Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə xüsusi təyyarə ilə humanitar yardımlar göndərilib. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Bundan başqa, zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədilə Naxçıvandan da ilkin olaraq 12 TIR yola salınıb. Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Prezident İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətə başlayıb".

Jalə Əhmədova diqqətə çatdırıb ki, bu gün Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub:

"Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə təhvil verirlər. Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar 8 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb. Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Güclü zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. İnanırıq ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq. Azərbaycan da həmişə Türkiyənin yanındadır və hər cür fədakarlığa hazırdır".

Ruhiyyə
Xəbəri paylaş