"Rusiya-Ukrayna müharibəsində bir ilin tamamlanmasına saylı günlər qala Ukrayna prezidenti Volodimir Zelenskinin Avropa turnesi və təmasları diqqət çəkir. Ukrayna rəhbəri Böyük Britaniya və Fransaya səfər etməklə ölkəsinin hərbi aktivlərini artırmaq istəyir. Çünki Ukrayna ordusu ötən ilin oktyabrında qazandığı nailiyyətlərin davamını gətirə bilmir, qarşı tərəf isə Donetsk istiqamətində hücumların sayını və miqyasını artır. 24 fevral müharibənin bir ilinin tamam olması ilə əlaqədar Rusiya prezidenti Volodimir Putinin xalqa müraciəti gözlənilir və o zamana kimi Kreml rəhbərliyinin ordu qarşısında hər hansı bir uğurlu əməliyyatın keçirilməsi tapşırığını verməsi istisna deyil. Digər narahat edici məqam isə Rusiya ordusunun ciddi şəkildə yeni irimiqyaslı hücuma hazırlaşmasıdır. Rəsmi Moskva indiki halda Ukraynanın şərqini tamamilə işğal etmədən hərbi əməliyyatları bitirməyəcək. Çünki Kreml rəhbərliyi həmin əraziləri ələ keçirməklə bufer zona yaratmağı planlaşdırır".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadənin sözlərinə görə, Ukrayna tərəfinin cəbhədə uğur qazana bilməməsini hərbi-siyasi rəhbərlik arasında yaşanan böhran müşayət edir. Nümunə kimi istefalar və yerdəyişmələri göstərmək olar. Rəsmi Kiyev bu proseslərin mümkün qədər hərbi əməliyyatlar zonasına təsir etməməsinə çalışır:
"Avropa məkanında Ukraynaya ən böyük hərbi-siyasi dəstək verən ölkə Böyük Britaniyadır. Rəsmi London Avropa İttifaqından çıxsada, qoca qitənin əsas təhlükəsizlik zəməntçisidir və Rusiyanın Ukraynada qalib gəlməsi Böyük Britaniyanın gələcək planlarına uyğun deyil. Lakin Kiyevin hərbi təyyarələrlə bağlı israrına baxmayaraq Rişi Şunak hökuməti bu prosesdən yayınır. Həmçinin Fransa və Almaniyada eyni siyasət icra edir. Xüsusilə Fransanın mövqeyi rəsmi Kiyevi narahat edir. Çünki Fransa dövləti Rusiya ilə isti münasibətləri korlamaq istəmir. Ümumiyyətlə Almaniya və Fransa, Rusiyanın müharibəni Ukrayna hüdudlarından kənara çıxarmasından ehtiyat edir. Volodimir Zelenskinin əsl qorxusu ondan ibarətdir ki, həmin ölkələr və ABŞ müharibənin ağır iqtisadi yükünü bəhanə edərək hərbi yardımları saxlayar və Ukrayna Rusiya ilə tək başına mübarizə aparmaq məcburiyyətində qalar. Lakin ABŞ və Britaniya eyni maraqlardan çıxış etdiyindən Ukraynaya hərbi yardımlarla bağlı hər hansı bir problemin yaşanması real görsənmir".
Mehman