Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarpın sarsıdıcı zəlzələyə məruz qalmış Türkiyə ilə bağlı etdiyi paylaşımında Azərbaycanın qardaş ölkəyə göstərdiyi yardıma heyranlığını bildirməsi təbiidir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, keçmiş səfirin Twitter səhifəsində etdiyi paylaşımında "Azərbaycan dövlətinin və xalqının Türkiyə xalqına bu çətin zamanda göstərdiyi yardıma heyran qaldım" sözlərini yazması reallığı əks etdirir. Əslində dünyanın əksər ölkələri bu gün Türkiyəyə kömək etməyə çalışır. Azərbaycan isə lap başda gəlir. Qardaşın qardaş harayına hamıdan tez çatması soykökümüzdən gələn bir ənənədir, bir gələnəkdir:
"Azərbaycan xalqı və dövləti hər zaman "Bir millət, iki dövlət" fəlsəfəsindən yola çıxaraq qardaş ölkənin sevincinə də, kədərinə də şərik çıxıb. Bu gün də hər bir azərbaycanlı qardaş ölkədəki zəlzələni Azərbaycanda baş vermiş faciə kimi qəbul edir və Türkiyənin yaralarını sarımaq üçün əlindən gələni edir. Azərbaycan və Türkiyənin qardaşlığı bütün dünya birliyinə örnək ola bilər".
Mehman