2023-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay Azərbaycanda 4,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 1,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 2,3 milyard kubmetri “Şahdəniz”dən, 0,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 162 milyon kubmetr artımla qaz hasil edilib.
Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, hesabat dövründə xaricə qaz satışı 2,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. Cari ilin yanvar ayında Avropaya 1 milyard kubmetr, Türkiyəyə 0,9 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,5 milyard kubmetrə yaxın qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 204,6 milyard kubmetr, “Şahdəniz”dən isə 185 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 130 milyard kubmetrə yaxın həcmi ixraca nəql edilib.
2023-cü ilin yanvar ayında ölkədə 2,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 1,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib.
Hesabat dövründə 2,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 2 milyon tonu konsorsiumun, 134 min tonu isə SOCAR-ın payına düşür.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2023-cü il tarixinədək 609,1 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 568,5 milyon ton neft, “Şahdəniz”dən isə 40,6 milyon ton kondensat çıxarılıb. Bundan 01 fevral 2023-cü il tarixinədək 607 milyon tondan çox ixraca nəql edilib.
2023-cü ilin yanvar ayında ölkədə neftin emalı 559 milyon ton təşkil edib.
Sevinc