"Müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Dəmirli mis molibden və Qızılbulaq qızıl yataqlarının qanunsuz istismarına etiraz olaraq QHT nümayəndələri və ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya 64 gündür ki fasiləsiz olaraq davam edir".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, məlum aksiya istər Ermənistan rəhbərliyi, istər qondarma, separatçı rejim, istərsə də onlarla eyni mövqedən hərəkət edən Rusiya sülhməramlı qüvvələr rəhbərliyinə gücün və mütləq hakimiyyətin kimin əlində olmasını sübut etmiş oldu:
"Bu aksiya ölkəmizin hərbi güc tətbiq etmədən, yumşaq gücün tətbiqi ilə rəqiblər üzərində qələbə qazanması idi. Kreml hərbi-siyasi rəhbərliyi tərəfindən Qarabağ İqtisadi rayonuna xüsusi missiya ilə göndərilmiş və gəldiyi gündən separatçılar arasında ölkəmizə qarşı təbliğat, təşviqat işləri aparan Ruben Vardanyan, cəhdlərinin mənasız olduğunu dərk edərək biyabırçı şəkildə Qarabağdan qaçmalı oldu. Bu həm də Rusiyanın Qarabağ və Ermənistan üzərində qurduğu planların pozulmasıdır. Çünki rəsmi Moskva Ruben Vardanyanın ermənilər arasında nüfuzunu artırmaqla onu, gələcək illərdə Ermənistanda hakimiyyətə gətirməyi planlayırdı. Dinc aksiya İrəvan hakimiyyəti üçün də bir çox şeyi aydınlaşdırmış oldu. Onlar artıq rahat şəkildə Qarabağ İqtisadi rayonuna səfər edə və üçüncü ölkə nümayəndələrinin əraziyə səfərlərini təşkil edə bilmirlər. Bütün bu proseslər Azərbaycan diplomatiyasının bir neçə cəbhədə qazandığı uğurun təzahürüdür".
Mehman