Fevral ayının 6-da Türkiyədə baş vermiş ağır zəlzələ xəbəri bütün dünyanı, xüsusən də Azərbaycan xalqını hədsiz dərəcədə sarsıtdı. Həmişə olduğu kimi, Azərbaycan bu faciənin ilk dəqiqələrindən qardaş Türkiyənin yanında olduğunu, qardaş acısının öz ağrısı olduğunu əməlləri ilə göstərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu acı xəbər alındıqdan dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı vermiş və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirmişdir.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edərək bildirmişdir ki, “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.
Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Türkiyədə güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar yeddigünlük milli matəm elan olunub. Qardaş Türkiyənin 10 vilayətində baş vermiş təbii fəlakət nəticəsində minlərlə insanın həlak olması, saysız-hesabsız insanın yaralanması, evsiz-eşiksiz qalması doğrudan da dəhşətli faciədir. Qardaş ölkədə baş verən bu zəlzələ bütün azərbaycanlıları sarsıtdı. Eyni zamanda Azərbaycan Türkiyənin yanında olduğunu sözdə deyil, əməldə ortaya qoydu.
Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar.
Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.
Azərbaycan xalqı hazırda Türkiyəyə edilən yardımların əsas özəyini təşkil edir. Xalqımızın bu aksiyada göstərdiyi fəallıq təqdirəlayiqdir. Biz Türkiyədə təbii fəlakətdən əziyyət çəkən insanlara yorğan, döşək, uşaq, qadın, kişi geyimləri və digər ləvazimatlar toplayaraq yardım etdik. zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər 6 fevral tarixində Türkiyəyə yola salınıb.
Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə bu acı sınaqdan şərəflə çıxacaq. Bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək.
Faciənin növbəti günlərində də qardaş xalqa yardım göstərilməsi davam etmişdir. Fevralın 7-də tibbi heyət, mobil səhra hospitalına aid konteynerlər və digər zəruri gündəlik tələbat materialları, avadanlıq və preparatlar qardaş ölkəyə çatdırılmışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, fevral ayının 9-na kimi, ümumilikdə, Azərbaycandan Türkiyəyə 8 təyyarə, 24 yük avtomobil karvanı vasitəsilə 745 nəfər xilasetmə və tibbi personal, 1 ədəd mobil səhra hospitalı, 479 ədəd çadır, 5 ədəd böyük gücə malik generator və 4 ədəd səhra mətbəxi, zəruri ləvazimatlar, qida məhsulları göndərilmiş, təcili tibbi yardım, yanğınsöndürmə, AFAD və rəsmi axtarış və xilasetmə maşınları pulsuz yanacaqla təmin edilmişdir.
Bununla yanaşı, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşmüşdür. Humanitar yardıma 60 ədəd çadır, ümumilikdə 400 000 ədəd müxtəlif dərman preparatları və müxtəlif tibbi ləvazimat və avadanlıqlar, 47 000 isti geyim və digər ləvazimatlar daxildir. Azərbaycan Milli Məclisi Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə yardım məqsədilə 40 ədəd daşınan generatorun göndərilməsini təşkil edib. Həmişə olduğu kimi, Azərbaycan xalqı bir daha bir millət iki dövlət anlamını təsdiqləmiş, zəlzələdən zərər çəkənlər üçün səfərbər olmuşdur: rəsmi dövlət qurumlarının göstərdiyi dəstəklə yanaşı, sıravi Azərbaycan vətəndaşlarının miqyası bilinməyən könüllü yardımları da fasiləsiz olaraq davam etməkdədir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar 8 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir. Bundan əlavə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti göndərilib.
Azərbaycanın Türkiyənin ağır günündə ilk yardıma gəlməsi iki ölkə arasında münasibətlərin necə dərin olmasından xəbər verir və iki dövlət arasında əlaqələrin ən yüksək səviyyədə olmasının əyani nümayişi kimi dəyərləndirilir.
Allah bütün həlak olanlara rəhmət eləsin, yaxınlarına səbir versin!
Yeganə Məhərrəmova
Xətai rayonu, 98 saylı tam orta məktəbin direktoru