1 aprel tarixində Gənclər və İdman Nazirliyinin inzibati binasında "Azərbaycan Atletika Federasiyası" İB-nin növbədənkənar hesabat-seçki konfransı keçirilib. Konfrans zamanı Azərbaycan Atletika Federasiyasının fəaliyyəti barədə hesabat, maliyyə hesabatı, Federasiya Prezidentinin istefası, İcraiyyə Komitəsinin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması və yeni İcraiyyə Komitəsinin formalaşması və digər önəmli mövzular müzakirə edilərək təsdiq olunub. Federasiyanın prezidenti Çingiz Hüseynzadə hesabat məruzəsi ilə çıxış etdikdən sonra öz vəzifəsindən istefa verdiyini bildirib.
Newscenter.az xəbər verir ki, konfransda Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov federasiyasının yeni prezidenti, Milli Məclisin deputatı, İdman və gənclər komitəsinin üzvü, Azərbaycan Milli Olimpiya Komitəsinin, eyni zamanda İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva isə qurumun vitse-prezidenti seçilib. Nəzərinizə çatdıraq ki, Könül Nurullayeva idman fəaliyyəti dövründə "Yeniyetmələrin Olimpiya Oyunlarının atletika üzrə Avropa Təsnifat yarışı", "Bakı 2014" Avropa Atletika Konvensiyası və s. bu kimi bir sıra tədbirlərin təşkilində yaxından iştirak etmişdir. O, həmçinin Azərbaycan Atletika Federasiyasının İcraiyyə Komitəsinin üzvü olmuş, eyni zamanda sözügedən Federasiyanın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Son olaraq bildirək ki, yığıncaqda Müşfiq Tukanov Federasiyanın vitse-prezidenti, Şəlalə Yaqubova, Bülənt Karani, Nazim Babayev və Rauf Qasımzadə İdarə Heyətinin üzvü seçilib.
Ruhiyyə