Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqı və BMTİP Azərbaycanda yüksək texniki peşənin təşviqini dəstəkləyir

Avropa İttifaqı və BMTİP Azərbaycanda  yüksək texniki peşənin təşviqini dəstəkləyir


Avropa İttifaqı (Aİ), BMT-nin İnkişafı Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyi Azərbaycanda peşə təhsili üzrə səriştəli kadrların yetişdirilməsi məqsədilə birgə dəstək tədbirlərinə davam edir.

Newscenter.az xəbər verir ki, bu istiqamətdə ölkədə peşə təhsili üzrə tədris verən müəllimlərin sahə üzrə potensialının artırılması proqramları icra edilir. “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi tərəfindən bu dəfə yüksək texniki peşə təhsili pilləsində çalışan müəllimlər üçün Bakı, Bərdə və Gəncə şəhərlərində təlim seriyası həyata keçirilib. Ümumilikdə, 45-ə yaxın müəllimin iştirak etdiyi təlimlərdə fənn sillabuslarının hazırlanması, peşədə yeni təlim texnologiyaları, həmçinin tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsində yeni metodlar müzakirə edilib və praktiki olaraq sınaqdan keçirilib.

Qeyd olunmalıdır ki, yüksək texniki peşə təhsili - peşə təhsilinin ən yüksək səviyyəsidir, burada ümumtəhsil bazasından qəbul zamanı dörd il, tam orta təhsil bazasından qəbul zamanı isə üç il müddətində tədris aparılır.

Yüksək texniki peşə təhsili daha çox tətbiqi öyrənməyə fokuslanır və tələbələrə ixtisas bacarıqlarını praktiki vərdişlər və şəriştələr ilə əldə etməyə imkan verir. Bu proqramları uğurla bitirən tələbələr müvafiq ixtisas üzrə subbakalavr diplomu ala bilə və müvafiq ixtisas üzrə tədrisini ali təhsil səviyyəsində davam etdirə bilərlər. Bu cür praktika əsaslı tədrisin təşkili isə tədris verənlərin daha çevik və müasir hazırlığını tələb edir.

Bu hazırlıq tədbirləri üçün sözügedən layihə təlim proqramları təqdim edir və bu yolla, peşə təhsili üzrə pedaqoji həyətlərin müasir tələblərə cavab verən yeni bilik və bacarıqlara yiyələnməsinə dəstək olur, ümumilikdə isə peşə təhsili və təlimi sistemində peşəkar kadrların hazırlığı prosesinə töhfə verir.

Layihə tərəfindən “modelyer dizayner” və “saç və gözəllik xidmətləri” ixtisasları olmaqla iki yüksək texniki peşə proqramının hazırlanmasına, eləcə də tələbə qəbulunun təşkili prosesinə dəstək olunub. Növbəti tədris ili üçün əlavə iki ixtisas istiqamətində də müvafiq dəstəyin göstərilməsi nəzərdə tutulur.

Silsilə təlimlər, Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyi “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi tərəfindən həyata keçirilib. Layihə ölkədə peşə təhsilinin müasirləşdirilməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün dəstəyi hədəfləyir.

Sevinc
Xəbəri paylaş