Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli birliyimizi parçalayan, həmrəylik ruhumuzu zədələyən hərəkətlərə qətiyyən yol verməməliyik

Milli birliyimizi parçalayan, həmrəylik ruhumuzu zədələyən hərəkətlərə qətiyyən yol verməməliyik


"Qarşımızda bir sıra önəmli milli hədəflərin olduğu və Fransa kimi, İran kimi ermənipərəst ölkələrin açıq anti-Azərbaycan mövqeyi ilə üzləşdiyimiz hazırkı həssas məqamda milli birliyimizi parçalayan, həmrəylik ruhumuzu zədələyən hərəkətlərə qətiyyən yol verməməliyik və üçüncü, beşinci dərəcəli məsələləri gündəmə daşıyıb "fırtına" yaratmamalıyıq, qaşınmayan yerdən qan çıxarmamalıyıq, cəmiyyətimizi bölməməliyik".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki,
bu günlərdə görkəmli dövlət xadimi və yazıçı Nəriman Nərimanovun heykəli ilə bağlı qızğın müzakirələrin açılması da milli birliyimizi zədələyən hadisə təəssüratı bağışladı:

"Ölkə gündəmində zəlzələ effekti yaradan bu müzakirələr zamanı sosial şəbəkələrdə emosional rəylər yazan bir çox insanlar hətta bir-birilərinə "agent", "manqurt" və s. kimi iyrənc damğalar yapışdırmaqdan belə çəkinmədilər.
Bəziləri onu Xalq Cümhuriyyətinin devrilməsində və Zəngəzurun Ermənistana veriliməsində, Qarabağda ermənilər üçün "muxtar vilayət" yaradılması planını dəstəkləməkdə ittiham etdi, digərləri isə Azərbaycanın keçmiş SSRİ-nin tərkibində müstəqil sovet respublikası kimi qalmasında N.Nərimanovun xüsusi rol oynadığını və onun mürəkkəb tarixi şəraitdə Azərbaycan üçün çox şey etdiyini, eləcə də Türkiyəyə hərtərəfli köməklik göstərdiyini sübut etməyə səy göstərdi. Bir sözlə, hərə öz həqiqətini yeganə mütləq həqiqət kimi qəbul etdirməyə çalışırdı və bu zaman hətta təhqiramiz ifadələr işlətməkdən də çəkinmirdilər. Bu isə olduqca xoşagəlməz haldır".

MHP sədri daha sonra bunları deyib:

"Əlbəttə, Nəriman Nərimanovun tarixdəki rolunu və onun Azərbaycan Xalq Cümhuriyyətinə soyuq münasibətini eninə-boyuna müzakirə etmək olar. Lakin əgər bu müzakirələr normal fikir mübadiləsi çərçivəsindən, sağlam müzakirə və debat qaydalarından kənara çıxıb cəmiyyətdə qütbləşməyə, ideoloji qarşıdurmaya gətirib çıxarırsa, bunu müzakirə adlandırmaq mümkün deyil. Bu cür dırnaqarası "müzakirə"lər həmrəyliyin zəifləməsinə, stabilliyin sarsılmasına səbəb olur. Biz milli birliyimizi zəiflədən fikir ayrılıqlarına yol verməməliyik. Bizi ayıran yox, birləşdirən məqamları diqqət mərkəzinə gətirməliyik. Gücümüz birliyimizdədir!"

Mehman
Xəbəri paylaş