Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dahi şairin xatirəsinə əbədi ehtiram

Dahi şairin xatirəsinə əbədi ehtiram


Molla Pənah Vaqifin adı Şuşa ilə də bağlıdır. Ömrünün son illərini Qarabağ xanının vəziri olaraq bu şəhərdə yaşamışdı. Vəzir kimi yaşamışdı, şair kimi yaşayıb-yaratmışdı. 1797-ci ildə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy hakimiyyətə gəldi və şairi oğlu Əli bəylə birlikdə edam etdirdi...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olanda həm poetik, həm də siyasi təfəkkürünə rəğbəti olan Molla Pənah Vaqifə 1982-ci ildə Qarabağın həmayılı olan Şuşada heykəl qoydurdu, məzarı üstündə məqbərə-kompleks yaradıldı. Məqbərə- kompleks Cıdır düzünə yaxın bir ərazidə inşa olunmuşdu. Dördkünc quruluşa malik idi. Türbə inşa edilərkən türbə relyef, arxitektura baxımından dağlıq massivlə uyğunlaşdırılmışdı. Türbədə şairin büstü vardı, heykəltəraş Albert Mustafayev hazırlamışdı...

Şuşa şəhərini ilk dəfə böyük tarixi şəxsiyyət Heydər Əliyev abidə-şəhər adlandırıb. O vaxtdan bu qürurverici adla tanınır.

1982-ci il yanvarın 14-də məqbərənin açılışı oldu. Məqbərə-kompleksin açılış mərasimində dahi şəxsiyyət Heydər Əliyev demişdi: “Şuşa Azərbaycanın tarix və memarlıq abidəsidir". Bu kəlam Şuşaya sevg kimi dinlənilmişdi, indi də Şuşaya sevgi kimi yaşadılır...

Açılış mərasimində gənc şairlər təklif etmişdi ki, burda “Vaqif Poeziya Günləri” keçirilsin. Böyük tarixi şəxsiyyət təklifə razılıq vermişdi, həm də "Mən özüm də gəlib iştirak edəcəyəm", – demişdi. Bu tədbir – Vaqif Poeziya Günləri Şuşanın işğalına qədər davam etmişdi...

Abidənin açılşında bü gün Azərbaycan Respublikasının Prezidenti olan cənab İlham Əliyev də iştirak etmişdi. “Təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra ikinci dəfə 1982-ci ilin iyul ayında – iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı...”...

Şuşa işğal ediləndə ermənilər türbəni dağıtmışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparılması haqqında sərəncam imzaladı. Şuşada quruculuq işləri böyük Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin türbəsinin yenidən qurulması ilə başladı. 2021-ci il yanvarın 14-də, 1982-ci ildə məqbərənin açıldığı gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşaya səfərində abidə-kompleksin yenidən qurulmasını tapşırdı.

Molla Pənah Vaqifin məqbərəsi əvvəlki məqbərənin eynidir; böyük tarixi şəxsiyyət Əliyevin 1982-ci ildə inşa etdirdiyinin eynini İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yenidən inşa etdirdi. Molla Pənah Vaqifin məqbərəsi əvvəlki məqbərənin eynidir.

2021-ci il avqustun 29-da təmir-bərpa işlərindən sonra Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı oldu.

Aprelin 6-sı Molla Pənah Vaqifin anım günüdür. İki dəfə yaradılan məqbərə 306 yaşlı şairin xatirəsinə dünyəvi sevginin təzahürüdür...


Səbinə XASAYEVA,

Milli Məclisin deputatı
Xəbəri paylaş