2026-cı ilə qədər Füzuli rayonunda 5 678 evin - 2 326 mənzilin və 3 352 fərdi yaşayış evinin tikintisi planlaşdırılır.
Newscenter.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, mənzillərin Füzuli şəhərində, fərdi yaşayış evlərinin isə kəndlərdə inşası nəzərdə tutulur.
Bundan başqa, sədr müavini deyib ki, Füzuli şəhərinin yol-küçə şəbəkəsinin ümumi uzunluğu 87,5 km olacaq: "Bunun 18 km-də layihələndirmə işləri başa çatıb, Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib. Çox güman ki, bu ayın sonunda layihə ekspertizadan çıxacaq və Füzuli şəhərində yol-küçə şəbəkəsinin inşasına başlanılacaq".
"2022-ci ildə Füzulidə 1 536 hektar ərazi minalardan təmizlənib. Nazirlər Kabinetinin bu ilin yanvar ayında verdiyi sərəncamına əsasən yaşayış məntəqələri üzrə ümumilikdə 2 620 hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur. Bu ilin I rübündə 622 hektar ərazi minalardan təmizlənib. Bütün bunlar inşaat işlərinə başlamağa şərait yaradır", - deyə N.Hümmətov qeyd edib.