“Shandong Port Group”un İdarə Heyətinin sədri və Baş direktoru Li Fenqlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) görüş keçirilib.
Newscenter.az Səhmdar Cəmiyyətə istinadən bildirir ki, ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev əvvəlcə qonaqlara şirkətin 165 illik zəngin tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib.
Rauf Vəliyev son 15 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəqliyyat-logistika layihələrindən danışıb. O, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Gəmiqayırma Zavodu, ASCO-nun donanmasının modernləşdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısından, eləcə də hava və quru yol nəqliyyatında görülən digər mühüm işlərdən söz açıb.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əhəmiyyətindən bəhs edən Rauf Vəliyev qeyd edib ki, Azərbaycan üzərindən yüklərin daşınmasının effektivliyini artırmaq üçün bütün imkanlar mövcuddur və bu imkanlar getdikcə daha da inkişaf etdirilir.
Görüşdə Azərbaycanla Çin arasında siyasi-iqtisadi sahədə uğurlu əməkdaşlığın Orta Dəhliz üzərindən daşınan yük həcminin də artmasına səbəb olacağı vurğulanıb.
“Shandong Port Group”un İdarə Heyətinin sədri və Baş direktoru Li Fenqli Orta Dəhliz üzərində yerləşən ölkələrə səfər çərçivəsində Qazaxıstandan sonra Azərbaycana gəldiyini bildirib. Qeyd edib ki, bu dəhlizin inkişafı istiqamətində mühüm işlər görülüb.
“Shandong Port Group”a daxil olan Çindao limanı haqqında ətraflı məlumat verən qonaq yüklərin qonşu ölkələrə qısa müddətdə daşınması üçün limandakı mövcud imkanlardan danışıb. O əlavə edib ki, bu imkanlar daxilində “Shandong Port Group” Azərbaycanın bir sıra qurumları, o cümlədən ASCO ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Natiq