İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti akkreditasiya qanunvericiliyinin tələblərinə əməl etməyən uyğunluğu qiymətləndirən qurumlara qarşı nəzarət tədbirlərini davam etdirir.
Newscenter.az-a Xidmətdən bildirilib ki, aparılan araşdırmalar zamanı müəyyən edilib ki, sertifikatlaşdırma fəaliyyəti sahəsində akkreditasiya edilən “Azunisert” MMC Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən ona verilən icazə sənədindən (akkreditasiya attestatından) istifadə edərək qanunvericiliyin tələblərini pozub. Belə ki, “Azunisert” MMC akkreditasiya sahəsindən kənara çıxmaqla, müxtəlif sahibkarlıq subyektlərinə qanunsuz uyğunluq sertifikatları təqdim edib. Qeyd edək ki, bu fakt sahibkarlıq subyektlərinin və istehlakçıların qanunla müəyyən edilən hüquq və mənafelərinin pozulmasına, habelə onların çaşdırılmasına səbəb ola bilər.
Uyğunluq sertifikatlarının ləğvi barədə müvafiq göstərişlərə baxmayaraq, “Azunisert” MMC Dövlət Xidmətinin yazılı göstərişlərini yerinə yetirməyib. Qanunvericiliyin tələblərinə uyğun olaraq Dövlət Xidməti tərəfindən “Azunisert” MMC barəsində ayrı-ayrı qanun pozuntuları üzrə inzibati xəta haqqında protokollar tərtib edilib və aidiyyəti üzrə baxılması üçün məhkəmə orqanlarına göndərilib. Məhkəmə Dövlət Xidmətinin hərəkətlərini qanuni hesab edib və “Azunisert” MMC hüquqi şəxs qismində inzibati cərimə edilib.
Eyni zamanda, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən aparılan illik qiymətləndirmə çərçivəsində “Azunisert” MMC-nin sertifikatlaşdırma sahəsindəki fəaliyyətinin akkreditasiya haqqında qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilib.
Bununla da, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təqdimatı əsasında Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən “Azunisert” MMC-nin sertifikatlaşdırma sahəsindəki akkreditasiyasının dayandırılması barədə qərar qəbul edib.
Natiq