"İqtisadiyyatın ağır olduğu bir həqiqətdir və bunun süni amillərlə əlaqəli olduğu da bir gerçəklikdir. "Faiz lobbisi" ilə mübarizə çərçivəsində aparılan siyasət nəticəsində Türkiyədə inflyasiya getdikcə artdı. Bütün xarici investorlar Türkiyəni tərk etdi. Təbii ki, Türkiyənin dost və qardaş hesab etdiyi ölkələrdən başqa. Faizlərin aşağı salınması üçün göstərilən səylər bu günkü iqtisadi durumu yaratdı. Amma yeni iqtisadiyyat naziri Mehmet Şimşəyin rasional və qanunlara uyğun siyasətdən danışması hesab etmək olar ki, Türkiyənin əvvəlki iqtisadi siyasətdən əl çəkəcəyini işarə edir".
Bu fikirləri Newscenter-az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Türkiyənin yeni hökumət kabinetindən gözləntilər barədə sualı cavablandırarkən səsləndirib. O yeni iqtisadiyyat nazirinin qarşısına qoyduğu hədəflərə nail olacağı qənaətindədir:
"Beynəlxalq maliyyə sistemi ilə yenidən əməkdaşlıq edilməsinin nə dərəcədə uğur gətirəcəyini demək çətin olsa da, hesab edirəm ki, Mehmet Şimşək də nə etdiyini biləcək texnokrat məmurdur".
Anar Əliyev