Rəsmi Kiyev bir müddət əvvəl əks-hücum əməliyyatlarına başlanıldığı qərarını açıqlasa da, lakin hələlik Rusiyaya qarşı mübarizədə hansısa ciddi nəticə müşahidə edilmir. Bəs, görəsən əks-hücum əməliyyatının effektivliyinə nə mane olur?
Bununla bağlı Newscenter-az-ın sualını cavablandıran politoloq Yusif Bağırzadə deyib ki, Ukrayna tərəfi əks hücum əməliyyatları həyata keçirəcəyini bəyan etsə də hələ əməliyyatlara başlamaq haqqında qərar verməyib. Onun sözlərinə görə, Ukrayna rəsmilərinin açıqlamalarından məlum olur ki, hazırda ordunun kompektləşdirilməsi və müttəfiqlərdən silah və texnikanın alınması davam edir və prosses yekunlaşmaq üzrədir:
"Bu o deməkdir ki, biz yaxın dövrlərdə Ukrayna ordusunun əks hücum əməliyyatlarına başlayacağnın şahidi olacağıq"..
Yusif Bağırzadə hesab edir ki, possesin indiyə qədər ləng getməsi isə Ukraynanın davamlı şəkildə silahlandırılmasında ortaya çıxan problemlərlə bağlı idi:
"Məsələn, ABŞ və Qərb Ukraynaya lazım olan hərbi texnikanı çatdırmaqda xəsislik edirdi, uzaqmənzilli silahların verilməsindən isə bəzi hallarda ümumiyyətlə imtina edirdi. Lakin indi görünən odur ki, ABŞ və Qərb daha mükəmməl və Rusiya raket və dronlarının qarşısını ala biləcək sistemləri, uzaqmənzilli silahları verməyin zəruriliyini dərk edib. Məsələn, “Patriot” sistemlərinin Ukrayna təhvil verilməsindən sonra Rusiya özünün ən güclü “Kinjal” raket sistemlərini işə salmaq məcburiyyətində qaldı. Bu olduqca bahalı texnikadır və “Patriot”lar tərəfindən zərərsizləşdirilən hər belə bir sistem Rusiyaya yerini doldura bilməyəcək qədər ziyan vurur. Bu cür texnikanın təchizatı tam şəkildə başa çatdığı an əməliyyatlar da başlayacaq".
Anar Əliyev