Azərbaycan Voleybol Federasiyasının (AVF) nümayəndələri Qusarda yeniyetmə və gənc voleybolçular arasında təşkil edilmiş seleksiya yarışında iştirak ediblər.
Newscenter.az xəbər verir ki, Qusar Olimpiya İdman Kompleksində keçirilən turnirdə 15 yaşadək qızlar və oğlanlardan ibarət 14 komanda mübarizə aparıb. Qızların yarışında “Siyəzən”, “Xaçmaz”, “Quba”, “Qusar-1”, “Qusar-2”, “Sumqayıt-1”, “Sumqayıt-2”, oğlanların yarışında isə “Siyəzən”, “Şabran”, “Qusar-1”, “Qusar-2”, “Xaçmaz”, “Quba-1”, “Quba-2” komandaları çıxış ediblər.
Oyunlardan əvvəl turnirin açılış mərasimi baş tutub. Tədbirdə AVF-nin nümayəndələri Xəzər İsayev, Vidadi Hacıyev, Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov və digər qonaqlar iştirak ediblər.
Daha sonra qarşılaşmalara start verilib. Olimpiya sistemi ilə təşkil olunan yarışda qızların mübarizəsində “Sumqayıt-1” komandası turnirin birincisi, “Sumqayıt-2” isə ikinci olub. Oğlanların yarışında isə “Qusar” qızıl və “Quba” kollektivi gümüş medal qazanıblar. Sonda qaliblərə kubok, medallar və diplomlar təqdim edilib.
Qeyd edək ki, türkiyəli voleybol mütəxəssisi Şahin Çatma da bu gün Qusar rayonunda olub. Təcrübəli mütəxəssis bu yarışı izləyib və uşaqlarla görüşüb. O, matçlara baxışdan sonra müəyyən etdiyi kriteriyalara uyğun gələn istedadlı voleybolçuların qeydiyyatını aparıb.
Bölgələrdə seleksiya xarakterli yarışların təşkilində əsas məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.
Oruc Niyazov