Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Ukraynaya hərbi yardımı dayandırmaq çağırışlarına cavab verib.
Newscenter.az-ın xəbərinə görə, o, İspaniyanın “OndaCero” nəşrinə müsahibəsində vurğulayıb ki, “hamı sülh istəyir”, lakin başa düşmək lazımdır ki, Ukraynaya hərbi dəstəyin dayandırılması buna səbəb olmayacaq.
"Bəs bundan sonra nə olacaq? Əgər Ukraynaya hərbi yardım dayandırılarsa, Rusiya bu səbəbdən (Ukrayna ərazisindən-red) geri çəkilməyəcək. Biz hamımız sülh istəyirik, amma bilməliyik ki, hansı sülhü istəyirik", - o deyib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi qeyd edib ki, “Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından başqa məqsəd ola bilməz”.
O, həmçinin atəşkəsin qeyri-mümkün variant olduğunu vurğulayıb, xatırladıb ki, Rusiyanın texnika itkiləri Ukraynanın itkilərindən çox olub, lakin bu, Moskvanı dayandırmağa vadar etməyib.
"Putin böyük səhv etdi, o, 15 gün ərzində Kiyevdə ola biləcəyini və güc balanssızlığına görə Ukraynanı fəth edə biləcəyini düşünürdü. O, böyük səhv etdi, çünki Ukraynanın müqavimət göstərmək qabiliyyətini layiqincə qiymətləndirmədi. O, avropalıların birləşmək qabiliyyətini düzgün qiymətləndirmirdi. Putin bir neçə aylıq müharibədən sonra 2000 tankını itirib və geri çəkilir”, - Borel deyib.
Anar TAGİYEV