İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Mülki pilotsuz uçan aparatlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 42) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyinin sədrliyi ilə ilk iclası keçirilib.
Newscenter.az-a Azərbaycan Standartlaşdırma İnstitutunun İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, görüşdə Azərbaycan Standartlaşdırma İnstitutu, Mülki Aviasiya Agentliyi, Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi, Milli Aviasiya Akademiyası, “SINAM” MMC, “ATG” MMC, “İdrak Texnoloji Transfer” MMC və “İNTEGRİS” MMC-nin nümayəndələri iştirak ediblər. İclas zamanı son illər mülki pilotsuz uçan aparatları (PUA) və onların sistemlərinin inkişafı istiqamətində görülən işlər, Texniki Komitənin fəaliyyət istiqaməti ilə bağlı verilən təkliflər və fəaliyyət planına daxil olan standartlara dair ətraflı müzakirələr aparılıb.
Qeyd edək ki, Dövlət Mülki Aviasiya Agentliyi və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə yaratdığı “Mülki pilotsuz uçan aparatlar” standartlaşdırma üzrə Texniki Komitənin əsas məqsədi sözügedən sahə üzrə beynəlxalq standartların tətbiqi və dövlət standartlarının hazırlanması, PUA-lara dair minimum təhlükəsizlik və keyfiyyət tələblərinin formalaşdırılması, müvafiq tənzimləyici normativ sənədlərin hazırlanması, bu istiqamət üzrə beynəlxalq və regional standartlaşdırma fəaliyyətində iştirak etməkdir.
Sona