Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sanatoriya-kurort müalicəsinə ehtiyacı olan şəhid valideynləri süründürməçiliyə məruz qalır

Sanatoriya-kurort müalicəsinə ehtiyacı olan şəhid valideynləri süründürməçiliyə məruz qalır


"Şəhid ailələrinə edilən güzəştlərdən biri də ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunmaqdır. Şəhid ailələri arasında apardığım sorğudan aydın oldu ki, sanatoriya-kurort müalicəsinə ehtiyacı olan şəhid valideynləri süründürməçiliyə məruz qalır, dövlətin onlar üçün verdiyi imtiyazdan, güzəştdən istifadə edə bilmir. Ailələrin əksəriyyəti belə bir güzəştin olmasıyla bağlı indiyədək heç məlumatlandırılmayıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai fəal, şəhid qardaşı Elyar İslamoğlu səsləndirib. O bildirib ki, sanatoriya və kurortla bağlı müraciət edilən zaman icra hakimiyyətlərində sırf şəhid ailələrinin problemləri ilə bağlı yaradılmış "Şəhid ailələri və qazilərlə iş" şöbəsi problemi atır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sosial Xidmətlər Agentliyinin üstünə:

"Sosial Xidmətlər Agentliyi də DOST xidmətinin. Bu qədər qurum yaradılıb, amma şəhidin yaşlı anası özü gedib poliklinikadan, həkimdən arayış-sənəd toplamalıdır, sonra gedib DOST Xidmətində sənədləri verib qeydiyyatdan keçməlidir, aylarla növbə gözləməlidir. Bəs o zaman Sosial Xidmətlər Agentliyi, "Şəhid ailələri və qazilərlə iş" şöbəsi nə üçün yaradılıb? Bu qədər qurumdansa bircə cavabdeh qurum olsun, ailələr də bilsin hara müraciət etməlidir. Boş-boş qurumlar yaradıb dövlət büdcəsindən maaş ayırıblar, hər qurumun rəhbəri də öz qohum-əqrabasını, tanış-bilişini başına toplayıb at oynadır".

Elyar İslamoğlu deyib ki, həkim reseptləri üzrə dərman almaq üçün şəhid ailələrinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə müavinət verilməlidir:

"Bu müavinət də şəhid ailələrinə verilmir. Ümumiyyətlə şəhid adının əbədiləşdirilməsi, ailələrə digər imtiyazlarının verilməsi, güzəştlərlə bağlı çox saylı problemlər var. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanunu uzun illərdir qəbul edilib, dəyişdirilməli, əlavələr olunmalıdır. Ailələrin güzəşt və imtiyazlarını təmin etməli olan cavabdeh qurumların adları qanunla dəqiqləşdirilməlidir. Belə olsa şəhid ailələrinin imtiyaz və güzəştlərinin təmin olunmasına cavabdeh olan qurumlar məsuliyyətsizlik edə bilməyəcək".

Anar Əliyev
Xəbəri paylaş