İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək məqsədilə keçirilməsi nəzərdə tutulan Yay Təcrübə Proqramına hazırlıqlar davam edir. Proqramda iştirak üçün tələbələr arasında seçimlərlə bağlı qrup tapşırıqları mərhələsi keçirilib. Bu mərhələdə ali təhsil müəssisələrinin 120-dan çox tələbəsi iştirak edib.
Newscenter.az xəbər verir ki, qrup tapşırıqları startap ideyalar üzrə mövzuları əhatə edib. Tələbələr startap ideyanı biznes plan formasına salaraq ekspert komissiyasını layihənin uğurlu olduğuna inandırmağa çalışıblar. Dövlət Vergi Xidmətinin müşahidəçiləri tərəfindən tələbələrin qrup şəklində bu mövzuda qarşıya qoyulan müxtəlif tapşırıq və məsələləri həll etmək bacarıqları yoxlanılıb.
Qrup tapşırıqları mərhələsi üzrə seçilmiş tələbələr 7 gün müddətində Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək yay düşərgəsinə qoşulacaqlar. Orada onlara DVX-nin təcrübəli əməkdaşları və kənar peşəkar təlimçilər tərəfindən vergi sahəsində və müvafiq səriştələr üzrə təlimlər təşkil olunacaq. Daha sonra tələbələr DVX-nın Bakıda və regionlarda yerləşən struktur bölmələrində 8 həftə müddətində istehsalat təcrübəsində iştirak edəcəklər.
DVX-də təşkil ediləcək Yay Təcrübə Proqramı sayca ikincidir. Layihə tələbələrin vergi sahəsində nəzəri və praktiki biliklər əldə etməsini, onların vergi xidmətinin işində praktiki iştirakını nəzərdə tutan, həmçinin gələcəkdə vergi orqanlarında karyera qurmaq imkanlarını dəstəkləyən inkişaf proqramıdır. 2-ci Yay Təcrübə Proqramının cari ilin iyul ayının 7-dən sentyabr ayının 8-dək keçirilməsi nəzərdə tutulur.
Natiq Orucov