Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasındadır. Məhz bu səbəbdən Azərbaycanla iqtisadi əlaqələr saxlamağa meyil daha da güclənib. Bu inkişaf tempini saxlamaq, yüksəltmək məqsədi ilə dövlət müxtəlif tədbirlər həyata keçirir.
İyul ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirdi. Perspektiv tədbirlərin mahiyyətini əhatələyən bu müşavirədə ölkə başçısı əhatəli çıxış etdi. Çıxışında cari ilin altı ayı ərzində iqtisadiyyatın əsas isiqamətlərini bir daha xatırlatdı, qeyd etdi ki, bu istiqamətlər dayanıqlı inkişafı təmin edə bilib. Bununla bərabər, qeyri-neft sektoru da inkişaf etdirilib, Qarabağın və Şərqi Zəngəzurun bərpası dövlət üçün prioritet sahələrdəndir, iqtisadi və sosial sahələrdə islahatlar davam etdirilməkdədir.
Qeyri-neft sənayemizin 6,5 faiz, qeyri-neft sektorumuzun 3 faizdən çox artdığını da vurğulayan Prezident çıxışında dedi ki, “Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq”.
Azərbaycan Respublikasının dövlət büdcəsinin 33 milyard manatdan çox olduğunu bildirən Azərbaycan Respublikasının Prezidenti cənabİ lham Əliyev bildirdi ki. bu rəqəm bizə həm də ölkə qarşısında duran əsas investisiya layihələrini icra etməyə, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artırmağa imkan verir.
Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. Bu Zəfər Azərbaycanın siyasi nüfuzunu yüksəltməklə bərabər, hansı gücə malik olduğunu da göstərdi. Tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlanıldı. Bu, Böyük Qayıdışın başlanğıcı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il iyul ayının 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışında Qayıdışdan da söz açdı: “Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar”. Qeyd etdi ki, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi ehtimal edilir. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.
Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusu torpaqlarımızı böyük məsuliyyətlə, dövlətə, dövlətçiliyə böyük sədaqətlə müdafiə edir. Ordumuz dövlətçiliyimizin, dövlətimizin qarantıdır. Bu amil ölkə başçısının çıxışında da qürurla xatırladıldı: “Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək”
Bu müşavirə dövlətin gördüyü işlərin coğrafiyası olmaqla, görəcəyi işlərin istiqamətlərini də göstərir. Buna görə də onun fəlsəfi və gerçək mahiyyəti hər bir vətəndaşın düşüncələrinin müşavirəsi kimi tarixləşdi
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı