"Azərbaycanın Qədim İpək Yolunun mərkəzində yerləşməsi tarix boyu bu yolun üzərindəki digər ölkələrlə əməkdaşlığımıza və iqtisadiyyatımiza öz müsbət təsirini göstərmişdir.Müasir dövrdə də bu proses yeni çalallarla Azərbaycanın regionun və dünyanın mühüm logistik mərkəzlərindən birinə çevrilməsinin önəmini getdikcə artırır.Ona görə də böyük potensiala malik olmaqla yanaşı həm də tranzit ölkə kimi Azərbaycana beynəlxalq maraq da çox böyükdür. Bu yöndə Qədim İpək Yolu üzərində yerləşən ölkələr ilə mövcud əlaqələrimiz genişlənir və intensivləşir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli səsləndirib. O bildirib ki, belə ölkələr arasında xüsusi yeri və əhəmiyyəti olanlardan biri də Çin Xalq Respublikasıdır:
"Dunyada çəkisi və nüfuz dairəsi sürətlə artan Çin ilə Azərbaycan arasında qarşılıqlı-faydalılıq prinsipinə əsaslanan əməkdaşlıq münasibətləri formalaşıb və son vaxtlar artan xəttlə inkişaf etməkdəir.Bu özünü Azərbaycan-Çin münasibətlərinin əksər istiqamətlərində göstərməkdədir.Azərbaycanla Çin arasındakı əlaqələr əhatəliyi,müsbət dinamizmi və intensivliyi ilə fərqlənir. İki ölkənin dövlət başçıları və digər yüksək səviyyəli rəsmilərinin görüşləri,eləcə də beynəlxalq platformalarda görüşlər əməkdaşlığımızın genişlənməsi və dərinləşməsinə müsbət dinamizm verilməsində xüsusi rol oynayır".
Deputat qeyd edib ki, Azərbaycanla Çin arasında dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da yetərincə uğurla inkişaf edir:
"Bu özünü son illərdəki ticarət əlaqələrindəki müsbət dinamizmin timsalında daha əyani göstərir.Azərbaycanla Çin arasında xarici ticarət dövriyyəsi 2015-ci ildə- 556 milyon dollar,2021-ci ildə 1781 milyon dollar olmuş,2022-ci ildə isə 2190 milyon dollara çataraq 2015-ci illə müqayisədə 4 dəfə,2021-ci ilə nisbətən isə 23 faiz artmışdır.Çin Azərbaycanın xarici ticarət dövriyyəsində 4 faizə yaxın payla 4-cü, idxalımızda isə 14 fazdən artıq payla 3-cü pillədə durur. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir.Çinlə əməkdaşlıq sahələrinə qarşılıqlı marağa əsaslanan yaşıl enerji də əlavə edilir".
Əli Məsimli onu da deyib ki, Prezident İlham Əliyevin bu il, iyulun 22-də “China Global Television Network” televiziya kanalına verdiyi müsahibədə göstərildiyi kimi, biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və bu sahədə böyük potensial göz qabağındadır:
"Həmin müsahibədə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq kontekstində xüsusi vurğulanıb ki, bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək yeni nəqliyyat marşrutlarını görürük.İnkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlanıb.“Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi.İndi sadəcə, texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımızın imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq.Böyük yük axınına daha yaxşı hazır olmaq üçün çox işlər görülür.Hazırda mövcud dəmir yolunu müasirləşdiririk ki, qatarların sürəti artırılsın və daha çox yüklər nəql edilsin.Xüsusi vurğulanıb ki,Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək,o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq".
Deputatın sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiyanın tranzit ölkə kimi, xüsusən də Çin ilə Avropa İttifaqı arasında quru əsaslı ticarət əlaqələrini məhdudlaşdırıb:
"Bu kontekstdə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Avropa İttifaqı və daha geniş regionda diqqət çəkməyi bacarıb. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Orta Dəhlizlə daşımaların həcmində böyük artım müşahidə olunur. Orta Dəhlizin rolunun artırılmasında marağı olan ölkələr bu dəhliz vasitəsilə daşımaları səmərəli şəkildə optimallaşdırmaq üçün birgə işləyirlər. Azərbaycan da bu dəhlizin cəzibadarlığının artırılması fonunda loqistika imkanlarının genişləndirilməsi istiqamətində böyük sərmayələr qoyub, çox iş görüb və görməkdə davam edir.“Orta Dəhliz” layihəsi həm də Azərbaycan-Çin münasibətlərində vacib prioritetlərdən biridir.“Orta Dəhliz” layihəsinin daha geniş planda reallaşdırılması istiqamtində birgə səylər,eləcə də gələcəkdə həmin layihədə Zəngəzur dəhlizinin də yer alması daha çox yük həcminin Şimal Dəhlizindən Orta Dəhlizə, xüsusən də Çin-Avropa İttifaqı ticarəti xətti ilə yenidən istiqamətləndirilməsinə səbəb ola bilər. Bu isə həm Azərbaycanın unikal tranzit ölkəsi kimi önəmini artlracaq,həm Azərbaycan-Çin münasibətlərinin müsbət yüklü yeni keyfiyyət halına gətirilmısində mühüm rol oynayacaq və həm də “Orta Dəhliz”in yükdaşımalardakı payını, iqtisadi səmərəliyi,regional və qlobal faydasını xeyli artıracaq və bütün bunlar regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır. Bütün bunlar göstərir ki,Azərbaycan-Çin münasibətləri ikitərəfli qarşılıqlı faydalılığı ilə yanaşı regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə və sabitliyə da töhfə verir".
Anar Əliyev