“Azərbaycan-Özbəkistan münasibətlərinin yüksələn xətlə inkişaf edəcəyi şübhə doğurmur”.
Newscenter.az xəbər verir ki, bu sözləri politoloq Yusif Bağırzadə Özbəkistan prezidenti Şafkat Mirziyoyevin avqustun 23-də Azərbaycana planlaşdırılan səfəri ilə əlaqədar danışarkən deyib. O bildirib ki, son illər ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin intensivləşməsinin şahidi oluruq:
"Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, dövlətimizin başçısının isə Özbəkistana, Qazaxıstana, Türkmənistana və Qırğızıstana səfərləri, səfərlər zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiya ölkələri ilə əlaqələrimizin gələcək konturlarını müəyyənləşdirir. Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə mühüm yerlərdən birini də Özbəkistan tutur ki, bu da təbiidir. Orta Asiyanın şimal-qərb və mərkəzi hissəsində yerləşən Özbəkistan regionun ən strateji, əhəmiyyətli ölkəsi sayılır. 448,9 min kv.km. sahəsi olan bu ölkə, əhalisinın sayına görə (36 miyon nəfərə yaxın) regionun ən böyük dövləti hesab olunur. Özbəkistanın regional liderliyini təmin edən digər amil isə ölkənin zəngin təbii ehtiyatları və iqtisadi potensialıdır".
Yusif Bağırzadə deyib ki, neft, qaz, qızıl və kömür ehtiyatları ilə zəngin olan Özbəkistanın əsas enerji ehtiyatı təbii qazıdır. Hazırda çıxarılan qazın həcminə görə dünyada 8-ci yerdə olan Özbəkistanın yataqlarının 2,44 tirlyon kub metr qaz ehtiyatı var. Neft ehtiyatları isə 600 milyon barreldən artıqdır. Ümumilikdə ölkədə 51 neft, 27 qaz yatağı kəşf olunub:
"Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir. İki ölkə arasında münasibətlər qədim tarixə malikdir. Sovet hakimiyyəti illərində türk xalqlarının qarşılıqlı münasibətlərinə yaradılmış maneələrə, siyasi təqiblərə baxmayaraq xalqlarımız arasında əlaqələr davam etdirilib. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və təbii ki, din birləşdirir. Keçən əsrdə 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər".
Politoloq deyib ki, hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur:
"Ulu öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib. Ulu öndərin həmin səfərini münasibətlərin inkişafında yeni mərhələ kimi də səciyyələndirmək olar. Bu səfərdə 19 sənəd imzalanmışdı ki, onların da içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental hüquqi əsas yaradıb.
Müstəqillik əldə etdikdən sonra bu münasibətlər daha da inkişaf edib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.
2004-cü il martın 23-24-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə ölkələr keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini bildiriblər. Təsadüfi deyil ki, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Ümumiyyətlə isə vurğulamaq lazımdır ki, rəsmi Daşkənd keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, 2021-ci il martın 31-də Türk Dövlətləri Birliyinin videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş eyni qurumun VIII Zirvə Görüşündə isə Özbəkistanın dövlət başçısı ölkəsinin vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini açıqlayıb. Yeri gəlmişkən, artıq bu istiqamətdə işlər yekunlaşmaq üzrədir".
Yusif Bağırzadə deyib ki, iqtisadi sahədə də əlaqələr inkişaf edir:
"Keçən ildən etibarən Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyaların iclasları keçirilir və müxtəlif sahələrdə, ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı xeyli işlər görülüb.
Loqistika sahəsində də əməkdaşlıq imkanları hər keçən gün daha çox əhəmiyyət kəsb edir. Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Dövlətimizin başçısının Özbəkistana son səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” Azərbaycan vasitəsilə Özbəkistan məhsullarının daşımalarının həcminin daha da artmasına təkan verəcək.
Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan-Özbəkistan münasibətlərinin yüksələn xətlə inkişaf edəcəyi şübhə doğurmur. Sözsüz ki, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək”.
Anar Əliyev