"Oktyabrın 4-də Azərbaycanın Cəbrayıl rayonunun Ermənistanın işğalından azad olunmasının üç ili tamam olur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olunub.
2020-ci il oktyabrın 4-də Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə qəhrəman Azərbaycan Ordusu Cəbrayıl rayonunu düşməndən azad etdi. Ondan 4 il əvvəl isə 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına alınmışdı".
Newscenter-az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili vurğulayıb ki, Azərbaycanın qəhrəman övladlarının fədakarlığı sayəsində 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri düşmən tapdağından azad olundu. Hərbi əməliyyatlar nəticəsində ümumilikdə Cəbrayıl şəhəri və 90 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra azadlığa çıxaraq əsl sahiblərinə qovuşdu:
"Bu uğurumuz nəticəsində Ordumuz əlverişli mövqelər əldə edərək Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirmək üçün əlverişli imkanlar əldə etdi".
Millət vəkili deyib ki, 2020-ci il noyabrın 16-da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunmuş Cəbrayıl rayonuna gəldilər:
"Cənab Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Bu rayonun ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltması isə böyük tarixi və siyasi əhəmiyyətli hadisələrdən biri idi. Çünki xalqımızın tarixində və qan yaddaşında dərin iz buraxan Xudafərin körpüsü həm milli sərvətimiz, həm də qürur mənbəyimizdir".
Millət vəkili vurğulayıb ki, bu gün Cəbrayıl rayonu işğaldan azad edilmiş digər ərazilərimiz kimi bərpa olunur:
"Dağıdılmış maddi-mədəni abidələrimiz, məqbərələr, türbələr, qalalar, məscidlər dövlətimizin qüdrəti sayəsində bərpa ediləcək və gələcək nəsillər üçün qorunub saxlanacaqdır.
Bu baxımdan “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrılıb və ilkin investorlar müəyyən olunub.
Cəbrayıl rayonunun elektrik təchizatı artıq var, Cəbrayıla 4-6 zolaqlı yol çəkilir, rayonun mərkəzi xəstəxanasının və ilk çoxmənzilli yaşayış məhəlləsinin tikintisi gedir, yaxın vaxtlarda isə
SOCAR BP şirkəti ilə birlikdə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın tikintisinə başlanacaq".
Ruhiyyə Mehdiyeva