Bu gün Cəbrayıl rayonunun işğaldan azad edildiyi gündür. Həmin tarixi günü əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında 4 oktaybr tarixi Cəbrayıl Şəhər Günü kimi qeyd edilir.
Newscenter.az-ın xəbərinə görə, həmin tarixi günlərə nəzər salan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Cəbrayılın azadlığı ilə Ermənistan və havadarları artıq təşvişlərini gizlədə bilməyərək beynəlxalq hüquqa və ədalətə zidd ləyaqətsiz addımlar atmağa, Azərbaycan əleyhinə açıq fəaliyyətə başladılar:
"Amma Müzəffər Ali Baş Komandan elə o zaman bəyan etdi ki, bizi kimsə dayandıra bilməz və sübut etdi ki, xalqımız və ordumuz nəyə qadirdir".
Deputatın sözlərinə görə, Cəbrayılın azad olunması ilə bağlı digər önəmli amil ondan ibarətdir ki, Cəbrayıl işğal zonasında olmuş, düşmən tapdağından qurtarılan ilk şəhərimizdir:
"Biz Cəbrayılı azad etməklə, müharibəyə qədər Qarabağın 30 min əhali ilə ən iri yaşayış məskənlərindən, elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olmuş, bir şəhərin necə urbisidə və ekosidə məruz qaldığını, cənab İlham Əliyevin ifadə etdiyi kimi, hansı vandal qəbilənin burda vəhşiliklər törətdiyini dünyaya göstərə bildik".
Anar Əliyev