Medianın qlobal şəbəkəyə inteqrasiya prosesi müxtəlif texnologiyaların vahid platformada birləşməsi və nəticədə yeni məhsulların formalaşması, eləcə də informasiyanın eyni zamanda bir mənbədən müxtəlif üsul və texniki vasitələrlə yayılması prosesidir. Rəqəmsal reallıq şəraitində zaman-məkan sərhədsizliyinin və hibrid hücumların tez-tez müşahidə edildiyi bir dövrdə sosial medianın məlumat mənbəyi kimi aktuallaşması, rəqəmsal transformasiya, ümumilikdə isə rəqəmsal qloballaşma prosesləri fonunda dünyada müxtəlif trendlərin mövcudluğu gənclərin yeni media mühitini anlaması, rəqəmsal alətlərdən istifadə edərək səmərəli ünsiyyət qurması, bu istiqamətdə bilik və bacarıqlara yiyələnməsini vacib edir.
Newscenter.az Medianın İnkişafı Agentliyinə istinadən bildirir ki, bu səbəbdən jurnalistika sahəsində yaranan yeni imkanların və mediada çağdaş tendensiyaların öyrənilməsi, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, şəbəkələşmə mühitinin üstünlüklərindən yararlanaraq kommunikasiya əlaqələrinin qurulması, rəqəmsal media ekosisteminin inkişafına töhfə verilməsi məqsədilə MEDİA Agentliyi yerli və xarici təlimçilərin iştirakı ilə “Jurnalistikada konvergensiya” və “Mediada rəqəmsal imkanlar” mövzularında 2 moduldan ibarət yeni “İnnoMEDİA” layihəsinə başlayır.
Müraciət üçün son tarix oktyabrın 11-i tarixidir.