Tanınmış vəkil Alov Səfərəliyevin separatçıların keçmiş "prezident"i Araik Arutyunyana vəkillik edəcəyi barədə açıqlaması cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. Bəziləri hətta buna görə vəkili qınayıb, onu heç bir əsası olmadan tənqid ediblər.
Newscenter.az-ın xəıbərinə görə, məsələ ilə bağlı ekspert Ərşad Hüseynov isə deyib ki, hüquqdan və ədalət mühakiməsindən məlumatı az olan bəzi insanlar Alov Səfərəliyevin separatçı-terrorçu rejimin keçmiş rəhbəri olmuş Araikin vəkili olmasını qılıncla qarşılayıb, onu az qala xəyanətdə suçlamaq istəyirlər:
"Siz heç bilirsiniz ki, belə bir qatı cinayətkarın vəkilinin olmamsı nə demək olar? Bilirsinizmi ki, bu işdə vəkil olmasa, həmin əli qanlı terrorçu, uşaq qatili barəsində bütün cinayət təqibi materialları, onun barəsindəki məhkəmə hökmü etibarsız olar? Bəs bilirsinizmi ki, bütün bunlar həmin gədənin beynəlxalq məhkəmədə çox asanlıqla bəraət almasına gətirib çıxarar?
Əminəm ki, heç biriniz qətiyyən delə arzulamırsınız. Ona görə də ədalət mühakiməsindən, cinayət prosesindən anlayışı olan birisindən soruşun, sonra fikir bildirin, zəhmət olmasa".
Ərşad Hüseynovun sözlərinə görə, minnətdar olmalıyıq ki, Alov Səfərəliyev, belə bir cəsarətli addım atıb:
"Mən əminəm ki, onun da sayəsində bu cani tam qanuni və daşdan keçən məhkəmə hökmü ilə layiqli cəzasını alacaq. Siz də əmin olun. Onu heç kəs müdafiə edən deyil. Bu, sadəcə bir formallıqdır, qaçılmaz formallıq. Vəssalam.
Alov Səfərəliyev iliyindən saçının tükünədək vətənpərvər qardaşımızdır, I Qarabağ müharibəsində cəsarətlə döyüşüb. Həm də peşəkar vəkildir, nə etdiyini çox gözəl bilir. Bu cəsarətli işini də “uğurla” başa vuracaq".
Anar Əliyev