"Bu gün Cəbrayılın və cəbrayıllıların həyatında ən əlamətdar sevincli gündür. 44 günlük Vətən müharibəsinin ilk günlərində - oktyabrın 4-də 30 illik erməni həsrətinə son qoyulmaqla Cəbrayılın həyatında yeni qürurverici həyat başladı".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev səsləndirib. O bildirib ki, 3 il əvvəl bu gün Cəbrayılda üçrəngli Azərbaycan bayrağı dalğalandı, Xudafərinin köksündəki Vətən həsrəti bitdi:
"Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə bu gün Cəbrayıl Şəhəri günü kimi qeyd edilir. Bu Günün təsis edilməsi Xalqımızın milli müstəqillik və suverenliyi uğrunda sarsılmaz mübarizəsinin və yenilməz iradəsinin, Qələbə əzminin ən şərəfli səhifəsidir.
Cəbrayıl Şəhər Günü Zəfər salnaməsinin, Ümummilli Ləyaqət Simvolumuzun rəmzlərindən biridir.
Bu gün təkcə Cəbrayılın deyil, Qarabağın, Şərqi-Zəngəzurun, ərazi bütövlüyü son 200 ildə tam təmin edilmiş Azərbaycanın Qələbə bayramıdır".
Vaqif Abdullayev qeyd edib ki, möhtərəm İlham Əliyevin də bildirdiyi kimi biz çox xoşbəxt Günlərimizi yaşayırıq və buna layiq Xalqıq:
"Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində canını fəda etmiş əziz şəhidlərimizə Allahdan rəhmət diləyir, öz sağlamlığını itirmiş qazilərimizə şəfa diləyir, bütün əsgər və zabitlərimizə dərindən minnətdarlığımı bildirirəm.
Artıq Cəbrayıl tamamilə yenidən qurulur, Cənab Prezident və Mehriban xanım Əliyevanın iştirakı ilə yeni qəsəbə və kəndlərin, yaşayış binalarının təməlləri qoyulub, məktəb, xəstəxana, sosial obyektlər inşa olunur, həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır".
Akademik sonda bunları qeyd edib:
"Cəbrayıl rayonu əvvəlkindən daha görkəmli, müasir və cazibədar cənnət məkana çevrilir. Cəbrayıllılar 30 il həsrətində olduqları doğma evlərinə qayıtmağın qürur və sevincini yaşayırlar. Bu tarixi Gün münasibətilə Cəbrayıl camaatını və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Qayıdış Gününüz Mübarək olsun!".
Anar Əliyev