
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti yaranmışdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.
“Azərbaycanın bütün dövlətlərlə gərək bərabər hüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəbistan dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabər hüquqlu əlaqələri olmalıdır” deyən Heydər Əliyev bununla həmin dövrlərdə Azərbaycanın xarici siyasətində yer tutan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu bildirirdi.
Bu illərdə Ermənistanın davam edən təcavüzünün qarşısının alınması və müharibənin dayandırılması xüsusi əhəmiyyət kəsb edirdi. Ən başlıcası isə, erməni təcavüzünün mahiyyətini, ermənilərin vəhşiliklərini dünyaya yaymaq, Azərbaycan ətrafında yaradılmış informasiya blokadasını yarmaq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya birliyinin diqqətinə çatdırmaq kimi vacib işlər öz həllini gözləyirdi.
Qarabağ münaqişəsinin həlli istiqamətində Ulu öndər Heydər Əliyevin geniş və çoxşaxəli fəaliyyətinin əsas məzmununu münaqişənin beynəlxalq normalara uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizama salınması təşkil edirdi. Vaxtilə dünya siyasətindən demək olar ki, təcrid olunmuş, informasiya blokadasında sıxılan, haqqı tapdandığı halda erməni təbliğatı sayəsində üstəlik dünya birliyinin də qınağına tuş gələn, ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi Azərbaycana hər cür yardım göstərilməsini qadağan edən “Azadlığı dəstək aktı”na 907-ci düzəliş” deyilən ədalətsiz sənədlə ayrı-seçkiliyə məruz qalan Azərbaycan yalnız Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın bütün demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətini kökündən dəyişdirməyə nail ola bildi.
Dünyanın ən qüdrətli ölkəsi ABŞ-la münasibətlərin qurulmasında və daim yüksələn xətlə inkişaf etdirilməsində də Ulu öndərin xidmətləri misilsizdir. Müstəqil Azərbaycanla bu ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə yaradılmışdır. Lakin bu, hələ ancaq ilk addım idi. Bu yolla irəliləmək, bir sıra məsələlərə aydınlıq gətirmək, əlaqələri genişləndirmək, etimad, etibar qazanmaq, Azərbaycanı layiqincə təmsil etmək üçün çox iş görmək, böyük diplomatik fəallıq göstərmək tələb olunurdu. Bu, vacib və olduqca zəruri idi. Çünki dünyəvi dövlət qurmaq istəyən və çətin problemlərlə qarşılaşmış gənc, müstəqil bir ölkənin taleyində dünya siyasətində həlledici rolu olan bu fövqəldövlət mühüm rol oynaya bilərdi. Buna nail olmaq, mövcud imkanları reallığa çevirmək üçün ardıcıl, məqsədyönlü səy göstərmək, müxtəlif yollar axtarmaq, vasitələr tapmaq lazım gəlirdi. Nəhayət, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması bu yolda ən mühüm və ən başlıca amil, Azərbaycanla Qərb arasındakı münasibətlərdə dönüş nöqtəsi oldu. Belə ki, Azərbaycana, onunla iqtisadi əməkdaşlığa, onun problemlərinə, geosiyasi əhəmiyyətinə maraq yarandı. Bu maraq ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, münaqişəli problemin dinc yolla həllinə tərəfdar olduğunu bəyan etməsilə nəticələndi.
Azərbaycanın yeni xarici siyasət kursunda bütövlükdə Avropa dövlətləri ilə münasibətlər məsələsi də yeni bir istiqamət təşkil edirdi. Hər bir ölkənin özünəməxsus xüsusiyyətlərini bütün incəliklərinə qədər nəzərə alan bu yeni kurs çevik taktiki gedişlərlə həyata keçirildi. Qısa müddət ərzində Azərbaycanın özünə bir sıra Avropa ölkələri timsalında nüfuzlu müttəfiqlər qazanması Heydər Əliyev xarici siyasətinin Avropa istiqamətinin çox mühüm bir uğuru oldu.
Ölkəmizin xarici siyasət kursunun ən mühüm tərkib hissəsi isə sözsüz ki, Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsi və genişləndirilməsindən ibarət idi. “Dünyada bizim üçün ən birinci dayaq türklərdir.”, “Biz bir millət, iki dövlətik” deyən Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq münasibtələrinə yüksəlməsindəki xidmətləri əvəzsiz olmuşdur. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli siyasi, iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamışdır. Xüsusi vurğulamaq lazımdır ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Türkiyə də daxil olmaqla, bütün türkdilli dövlətlərin ümumi maraq və mənafelər naminə konsolidasiyası istiqamətində inamlı addımlar atmışdır.
Nəhayət, türkdilli ölkələrin dövlət başçılarının yenə də 2009-cu ilin oktyabrında keçirilmiş IX zirvə görüşü Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından mühüm nəticələrlə yadda qalmışdır.
Azərbaycanın xarici siyasətinin özünəməxsus xüsusiyyətlərindən biri onun balanslaşdırılmış xarakter daşıması ilə səciyyələnməsidir. Ölkəmizin geosiyasi vəziyyəti və üzləşdiyi problemlər xarici siyasət kursunda müəyyən tarazlığı gözləməyi, Azərbaycanın manevr imkanlarını saxlamağı və regionda möhkəmlənmək uğrunda mübarizə aparan müxtəlif güc mərkəzləri arasındakı münasibətlərdən səmərəli istifadə etməyi zəruri edirdi. Ulu öndər Heydər Əliyevin xarici ölkələrə səfərləri, həmin ölkələrin dövlət başçıları, digər rəhbərləri və iş adamları ilə keçirdiyi məhsuldar görüşlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə təkan vermiş, onun keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoymasına münbit şərait yaratmışdır.
Heydər Əliyevin uğurlu xarici siyasət fəaliyyətinin daha bir məqamı Azərbaycanın nüfuzlu beynəlxalq və regional təşkilatlarla münasibətlərinin yaradılması və daha yüksək səviyyəyə qaldırması ilə diqqəti cəlb etmişdir. Beynəlxalq təşkilatlara üzv olmaq, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də Azərbaycan BMT, ATƏT, Avropa Şurası, MDB, GUAM, İKT, QİƏT, İƏT kimi beynəlxalq təşkilatların üzvü olmaqla bərabər, Avropa İttifaqı, NATO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq edir.
Azərbaycanın ardıcıl şəkildə Avratlantik məkanına inteqrasiyası da Heydər Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən idi. Belə ki, 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı yeni müstəqillik qazanmış ölkələrə təklif olunduqdan dərhal sonra Heydər Əliyev Brüsselə səfər edərək ölkəmizin bu proqrama qoşulması haqqında çərçivə sənədini imzalamışdır. Sonralar o, NATO-nun sammitlərində iştirak etmiş və Azərbaycanın Şimali Atlantika Alyansı ilə tərəfdaşlığının əsas prioritetlərini müəyyən etmişdir.
Ulu öndərin xarici siyasət kursunun digər bir mühüm prioriteti sözsüz ki, Avropa İttifaqı ilə münasibətlərin qurulması və inkişafı idi. Azərbaycan bu nüfuzlu qurumla əməkdaşlığında milli iqtisadiyyatı səmərəli inkişaf etdirməyi, milli iqtisadiyyatın Avropanın iqtisadi və maliyyə məkanına tam inteqrasiyasını və ümumavropa proseslərində, xüsusən Avropa təhlükəsizliyinin sabit və səmərəli arxitekturasının qurulmasında öz rolunu və əhəmiyyətini daim artırmağı qarşısına məqsəd qoymuşdur. Avropa İttifaqı ilə Azərbaycan arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, demokratik institutların inkişafına dəstək, iqtisadi əməkdaşlıq və sərmayələrin təşviqi kimi mühüm proseslərdə çərçivə bazası rolunu oynamışdır.
Prezident Heydər Əliyevin uğurlu xarici siyasət kursunun mühüm tərkib hissələrindən biri 2001-ci il 11 sentyabr hadisələrindən dərhal sonra Azərbaycanın ABŞ başda olmaqla antiterror koalisiyasına qoşulması və terrorizmə qarşı mübarizədə öz səylərini əsirgəməməsidir. Erməni terrorundan əziyyət çəkən bir ölkə kimi Azərbaycan dövləti bu problemin aradan qaldırılması üçün beynəlxalq qurumlar və ayrı-ayrı ölkələrlə geniş əməkdaşlıq etmişdir. Bu gün Azərbaycan beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə ilə bağlı çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa fəal cəlb olunmuşdur.
Heydər Əliyevin şəxsi təşəbbüsü və nüfuzu, uzaqgörən siyasəti sayəsində tarixi İpək Yolunun bərpası ilə bağlı kommunikasiya layihələrinin həyata keçirilməsində Azərbaycanın həlledici rol oynaması, ölkəmizin iqtisadi inkişafına təkan verməklə yanaşı, onun beynəlxalq və regional siyasətdə mövqeyinin güclənməsini şərtləndirmişdir.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunun davamlılığını təmin edən Prezident İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır.
Yusif Bağırzadə-politoloq












































