Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan özünün tranzit imkanları ilə MDB-nin aparıcı ölkələrindən birinə çevrilib

Azərbaycan özünün tranzit imkanları ilə MDB-nin aparıcı ölkələrindən birinə çevrilib


MDB Dövlət Başçıları Şurasının budəfəki zirvə toplantısı əvvəlki toplantılardan bir sıra mühüm məqamlarla fərlənirdi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında qalib dövlətin qalib lideri kimi, 30 ildən çox davam edən erməni separatizmini tam şəkildə çökərtmiş, ləğv etmiş bir ölkənin başçısı kimi iştirak edirdi. Bu mənada, postsovet məkanının separatçılıqdan əziyyət çəkən bəzi ölkələri üçün müsbət nümunə sayılır. O ki qaldı Ermənistana, uzun illər boyu Cənubi Qafqazda separatçılığı körükləmiş bu ölkə isə bütün müstəvilərdə məğlubiyyətə uğradığına və həm daxili, həm də xarici siyasətində ciddi böhran yaşadığına görə Bişkekdə baş tutan zirvə toplantısında iştirak etmək imkanını itirdi.

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında əsas diqqəti humanitar və iqtisadi məsələlərə yönəltdi. Dövlət başçımız qeyd etdi ki, humanitar sahə bizim Birliyin çərçivəsində əsas istiqamətlərdən biridir və Azərbaycan bu sahədə əməkdaşlığımızın inkişafına böyük töhfə verir. MDB ölkələri arasında Azərbaycan öz humanitar təşəbbbüsləri ilə ən fəal ölkələrdən biri sayılır. Gələcəkdə isə Birlik məkanında humanitar sahədə uğurlu qarşılıqlı fəaliyyət üçün daha geniş imkanlar var.

Dövlət başçımız MDB çərçivəsində iqtisadi əlaqələrimizin möhkəmlənməsinin müsbət nəticələr verdiyini də xüsusi olaraq vurğuladı. O, qeyd etdi ki, keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur. Həmçinin, Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaş rolunu uğurla icra edir. Belə ki, hazırda MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Eyni zamanda gələcəkdə bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin daha da genişləndirilməsi üzrə həyata keçirilən işlər və eləcə də bir sıra digər perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək. Azərbaycan özünün tranzit imkanları ilə MDB-nin aparıcı ölkələrindən birinə çevrilib. Və müşahidələr onu göstərir ki, ölkəmiz qarşıdakı illərdə də bu sahədəki lider mövqeyini qoruyub saxlayacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş