Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 ildə ölkəmiz böyük inkişaf yolu keçib-DEPUTAT

İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 ildə ölkəmiz böyük inkişaf yolu keçib-DEPUTAT


2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs verməklə Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsini dəstəklədi. Xalqımız sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfdarı olduğunu nümayiş etdirdi.

Ulu Öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində deyilirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Zaman Ulu Öndərin nə qədər uzaqgörən bir siyasətçi olduğunu sübut etdi və biz bu gün onun dediklərinin həyata keçdiyinin şahidləriyik.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk vaxtlarından etibarən dayanıqlı inkişaf üçün əsaslı işlərə başlandı. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı addımlar atıldı. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Azərbaycanda idmanın kütləviləşməsi, Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına şərait yaratdı.

Azərbaycan neft-qaz sahəsindəki uğurlarını davam etdirərək Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsi, Cənub Qaz Dəhlizi, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi nəhəng layihələrin icrasına başladı.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafı təmin edildi, siyasi, iqtisadi imkanlarımız genişləndi, ölkəmizin beynəlxalq nüfuzu gücləndi.
Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.

Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar həyata keçirildi. Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı və bunun nəticəsində işsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdırıldı. Ən əsası isə, 30 ilə yaxın bir dövr ərzində pozulmuş ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu.
Bu gün gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir.

Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, onların ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
Ötən 20 il ərzində Azərbaycanda ordu quruculuğu istiqamətində də mühüm işlər görüldü. Bu sahədə həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir.
Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Bütün bu sistemli tədbirlərin uğurla həyata keçirilməsi bizə Vətən müharibəsində Böyük Zəfəri qazandırdı.

2003-cü ildən ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlər əminliklə deməyə əsas verir ki, Azərbaycan bundan sonra da stabil inkişaf etməyə davam edəcək, qalib və suveren dövlət kimi yeni-yeni uğurlar qazanacaqdır.

Jalə Əhmədova -Milli Məclisin deputatı
Xəbəri paylaş