Azərbaycanda “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi qəbul olunacaq. Qanunun qiymətləndiricilərin statusuna aydınlıq gətirəcəyi, qiymətləndiricilərin özünütənzimləmə mexanizminin və inzibati təsir rıçaqlarının formalaşmasına səbəb olacağı, eyni zamanda qiymətləndiricilərin reyestrini həyata keçirməyə imkan yaradacağı bildirilir.
Qanunun daha bir tələbi isə Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşdırılması ilə bağlıdır. Qeyd olunur ki, qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirəcək, qeyri-kommersiya hüquqi şəxs olan Qiymətləndiricilər Palatasının üzvü olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilməyəcək.
Xatırladaq ki, Azərbaycan qiymətləndiriciləri ölkədə ilk təşkilatlanmış assosiativ qurumlardan birini yaradıb və 1999-cu ildən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) fəaliyyət göstərir. Qiymətləndiricilərin qarşılıqlı və kordinasiyalı fəaliyyətinin təşkili, sertifikasiyası və digər istiqamətlərdə fəaliyyət göstərən AQC dövlət oqranları, maliyyə təsisatları və özəl qurumlar, vətəndaş cəmiyyəti insitutları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq şəraitində çalışır. Aparıcı beynəlxalq qiymətləndirmə təsisatlarının kollektiv üzvü olan AQC 7 türkdilli dövlətin təmsil olunduğu Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin də ideya müəllifidir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucla müsahibəmizdə “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi, Azərbaycan Qiymətləndiricilər Palatasının yaradılması və digər mövzular ətrafında müzakirələr apardıq.
- “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi Azərbaycan Parlamentinin gündəliyinə daxil edilib. Yeni qanunda Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşdırılması da nəzərdə tutulub. Qanundan və yeni palatadan gözləntiləriniz nədir?
- Ötən ilin may ayında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) növbəti konfransı zamanı “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsinin qəbulu və Azərbaycan Qiymətləndiricilər Palatasının təsis olunması mövzusu gündəmdə idi. Bununla bağlı müxtəlif müzakirələr də keçirilmişdi və biz bu müzakirələrdə iştirak etmişdik. O zaman konfransda “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsinin qəbulu və Azərbaycan Qiymətləndiricilər Palatasının təsis olunması ilə bağlı Azərbnaycan hökumətinin addımlarını dəstəkləyən bəyanat da qəbul etdik. Hesab edirəm ki, yeni qanun layihəsinin qəbul edilməsi labüddür.
Çünki mövcud qanun layihəsi 25 il öncə qəbul olunub və yenilənmələrə ehtiyac var. Eyni zamanda Azərbaycan Qiymətləndiricilər Palatasının da formalaşdırılmasını təqdir edirik. Baxmayaraq ki, ötən dövr ərzində Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti aktiv fəaliyyət göstərib və ölkədə qiymətləndiricilərin yeganə kollektiv təşkilatı olub, inzibati təsir rıçaqlarının olmaması qarşıda duran əsas maneələrdən olub. Bu xüsusda belə bir qanunun qəbulu və palatanın yaradılması vacibdir.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəsi zamanı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi olaraq biz də iştitak etdik və öz təkliflərimizi irəli sürdük. Ümid edirik ki, yeni qanun layihəsi və yeni yaranacaq palata Azərbaycanda qiymətləndiricilərin qarşılıqlı və kordinasiyalı fəaliyyətinin təşkilində, bu sahədə şəffaflığın təmin olunmasında, peşəkar qiymətləndiricilərin yetişməsində xüsusi rol oynayacaq.
Bu, qiymətləndiricilərin fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır və AQC olaraq biz də bu prosesdə fəal iştirak etmək niyyətindəyik.
- Rəhbəri olduğunuz qurum uzun illərdir qiymətləndirmə sahəsində kordinasiyalı fəaliyyəti təşkil edir. Qiymətləndiricilərin yeganə kollektiv təşkilatıdır. Sizin bu qanunla bağlı təklifləriniz nədən ibarətdir?
- Hesab edirik ki, yeni qanun layihəsində kifayət qədər mütərəqqi məqamlar yer alır. Lakin bununla yanaşı, müəyyən dəyişikliklərə də ehtiyac var. Qiymətləndirmə fəaliyyətinin məzmunun müəyyən edilməsi və tənzimlənməsi, qiymətləndiricilərin müstəqilliyinin təmin edilməsi, qiymətləndirmə fəaliyyətinin tənzimlənməsinin mexanizmləri, beynəlxalq standartların tanınması və tətbiqi, əmlakın dəyəri üzrə məlumat bazasının yaradılması, müstəqil qiymətləndiricilərin həmin bazalara daxil olmasına şərait yaradılması, müvafiq sertifikatların sayının mimimuma endirilməsi, qiymətləndirməni tənzimləyən və təşkil edən palatanın fəaliyyət dairəsinin qiymətləndirməs sahəsini tam əhatə etməsi, qiymətləndirici şirkətlərin inklyuziv yanaşma əsasında inkişafının təmini və digər təkliflərimizi həm layihənin ideya müəllifi olan İqtisadiyyat Nazirliyinə, həm də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə təqdim etmişik.
Eyni zamanda 25 ildir fəaliyyət göstərən, bu müddət ərzində Azərbaycan qiymətləndiricilərinin fəaliyyətini kordinasiyalı şəkildə müvəfəqiyyətlə təmin edən, peşəkar qiymətləndiricilərin yetişdirilməsində zəngin təcrübəyə malik, beynəlxalq qiymətləndirmə sisteminə inteqrasiya olunmuş Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin də prosesdə yaxından iştirakını zəruri sayırıq. Ümidvarıq ki, 25 il mövcud olmuş qiymətləndirmə mexanizminin hüquqi varisliyi məsələsi də diqqətdən kənarda qalmayacaq. Bu gün cəmiyyətdə 60 peşəkar qiymətləndirmə şirkəti təmsil olunur ki, onlar yüzlərlə qiymətləndiricinin mövqeyini ifadə edirlər. AQC Direktorlar Şurasının son toplantısında 10 il və ya daha çox fəaliyyət təcrübəsi olan hüquqi və fiziki şəxslərin, mütəxəssislərin Azərbaycan Qiymətləndiricilər Palatasına birbaşa üzvlüyə qəbul edilməsi ilə bağlı müraciət qəbul olundu.
Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxvektorlu, ardıcıl və instusional islahatlar bütün sahələrdə olduğu kimi, qiymətləndirmə sahəsində də yenilikləri qaçılmaz edir və bu mənada yeni qanun layihəsinin qəbulu müsbət hadisədir. Qarşıda duran əsas məsələ yeni qanunun qiymətləndiricilərin təkliflərini nəzərə alaraq qəbul etmək və qanunun işlək mexanizmlərinin yaradılmasına nail olmaqdır. Daha bir vacib məqam isə qanunun hazırlanmasında İqtisadiyyat Nazirliyinin fəal iştirakı ilə bağlıdır. Məlumdur ki, İqtisadiyyat Nazirliyi ölkə iqtisadiyyatının inkişafında lokomotiv qurumdur və əminik ki, onların tərəfindən hazırlanan “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun Azərbaycanda qiymətləndirmə sektorunun tərəqqisinə gətirib çıxaracaq.
- Bir neçə ay öncə Türk Dövlətləri Qiymətləndiricilər Birliyini təsis etdiniz. Tük dövlətlərinin qiymətləndiricilərini bir araya gətirən platformanın fəaliyyəti hazırda nə yerdədir? Qarşıda hansı yeniliklər gözlənilir?
- Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin yaradılması ideyası Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin sədri olaraq mənim qardaş ölkəyə rəsmi səfərim çərçivəsində türkiyəli həmkarım Yaşar Bahçeci ilə görüşüm çərçivəsində ərsəyə gəldi. Azərbaycan və Türkiyə qiymətləndiriciləri arasında imzalanan Anlaşma Memorandumunun bir bəndi də Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin yaradılması istiqamətində fəaliyyətə başlamaqla bağlı idi. Qısa müddət sonra Qazaxıstan, ardınca digər türk dövlətləri də bu təşəbbüsə dəstək verdilər. Bu ilin may ayında Bakıda “Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü” keçirildi və bu görüşdə Birliyin gələcək fəaliyyət istiqamətləri ilə bağlı mühüm razılaşmalar əldə olundu. Türk dövlətlərindən olan qiymətləndirmə birliklərinin rəhbərləri ilə İqtisadiyyat Nazirliyində görüş keçirildi.
İyun ayının 2-də isə Qazaxıstanın Azərbaycanın Şuşa şəhərindən öncə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən tarixi Türküstan şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağı baş tutdu. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın tamhüquqlu, Türkmənistanın və Şimali Kipr Türk Cümhuriyyətinin isə assosiativ üzv qismində qatıldığı birliyin təsis yığıncağında Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov birliyin prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri olaraq mən isə vitse-prezidenti seçildik. Qərara gəlindi ki, gələn il prezidentlik səlahiyyətləri Azərbaycana, vitse-prezidentlik səlahiyyətləri isə Türkiyəyə dövr edilsin. Peşəkar qiymətləndiricilərin yetişdirilməsi, tədris və sertifikasiya fəaliyyəti, vahid məlumat bazasının yaradılması istiqamətində səylərin birləşdirilməsi qərara alındı.
Ötən dövr ərzində qeyd olunan istiqamətlərdə fəaliyyətimiz davam edib. Noyabr ayında isə Ankara şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin toplantısı keçiriləcək. Yığıncaqda üzv ölkələrin qiymətləndirmə birliklərinin rəhbərləri və nümayəndələri iştirak edəcək və gələcək fəaliyyət istiqamətləri ilə bağlı mühüm qərarlar qəbul olunacaq.
- Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) barədə danışaq. AQC bundan sonrakı fəaliyyətini necə və hansı formada davam etdirəcək?
- Cəmiyyətimiz 60-a yaxın qiymətləndirici şirkəti öz ətrafında birləşdirir. Biz Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsində Azərbaycanı uğurla təmsil edirik. Azərbaycanda sertifikatlaşdırma prosesini bu qurumun tələbləri əsasında həyata keçiririk. Eyni zamanda Türk Dövlətləri Qiymətləndirici Təşkilatları Birliyində və digər beynəlxalq qiymətləndirmə platformalarında Azərbaycanı təmsil edirik. AQC qanun qüvvəyə minib, Qiymətləndiricilər Palatası yaradılandan sonra da fəaliyyətini davam etdirəcək. Cəmiyyətimiz Azərbaycan Qiymətləndiricilər Palatasının fəaliyyətində aparıcı rol oynamağa çalışacaq. Qiymətləndirmə sahəsində qarşılaşdığımız problemlərin həllində yaxından iştirak edərək, onların aradan qaldırılmasına töhfəmizi verəcəyik. Yəni, fəaliyyətimiz bundan sonra davam edəcək. Hesab edirik ki, Azərbaycan Qiymətləndiricilər Palatasının fəaliyyətə başlaması Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətinin zəifləməsinə yox, daha da inkişafına rəvac verəcək.
Anar Əliyev