Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixi Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyənin birliyini yeni bir mərhələyə daşıyıb

Tarixi Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyənin birliyini yeni bir mərhələyə daşıyıb


Bu gün Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümüdür. Bu xoş gün münasibətilə qardaş türk xalqını və bütün Türk dünyasını səmimi qəlbdən təbrik edirik. Türkiyənin 100-cü ili bütün Türk dünyasının bayramı kimi qeyd olunur. Biz də “Bir millət, iki dövlət” anlayışının gərəyi ilə qardaş ölkənin bayramına öz bayramımız kimi yanaşırıq.
Bəli, türk xalqı çox böyük keşməkeşlərdən keçərək öz cümhuriyyətini qurub. Bildiyimiz kimi Birinci Dünya müharibəsi Osmanlı imperiyası üçün məğlubiyyətlə başa çatmışdı. Antanta ölkələri bu imperiyanın ərazilərini işğal edib türk dövlətçiliyini tamamilə məhv etmək yolunu tutmuşdular. Ancaq məğrur türk xalqı yadellilərin işğalına, əsarətinə qarşı ayağa qalxdı və Mustafa Kamal Atatürkün öndərliyində istiqlaliyyət hərəkatına başladı. Bu möhtəşəm müstəqillik mücadiləsinin Qələbə ilə başa çatması nəticəsində Osmanlının dağıntıları arasından yeni bir qüdrətli türk dövləti öz varlığını bəyan etdi, işğalçı qüvvələr Anadoludan qovuldu və 29 oktyabr 1923-cü il çağdaş türk dövlətinin – Türkiyə Respublikasının təməl günü oldu.

Bu, həqiqətən də şanlı tarixdir, böyük və əlamətdar hadisədir. Çünki Qazi Mustafa Kamal Paşa o ağır günlərdə bütün türk xalqını vahid amal uğrunda birləşdirərək türklüyün düşmənlərinə qalib gəlməyi və istiqlal mübarizəsini Zəfərlə başa çatdırmağı bacardı. Qədirbilən türk xalqı böyük Atatürkün bu xidmətini heç vaxt unutmur. Biz də bu əziz gündə Atatürkün və istiqlal savaşının bütün qəhrəmanlarının xatirəsini sonsuz şükran və sayğı ilə anırıq.

Eyni zamanda qardaş ölkəmizin bugünkü uğurlarına da ürəkdən sevinirik. 100 il bundan öncə ölüm-dirim savaşında, yırtıcı dövlətlərin bütün siyasi basqılarına və hərbi təhdidlərinə rəğmən öz istiqlaliyyətinə imza atan və ayaqda qalmağı bacaran Türkiyə Cümhuriyyəti bu gün dünyada əsas söz sahiblərindən biri kimi qəbul olunan, hər kəsin hesablaşdığı güclü bir dövlətdir. Türkiyənin güclü olmağı Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr üçün zəmanət və güc mənbəyidir.

Tarixi Şuşa Bəyannaməsinin imzalanması isə Azərbaycan və Türkiyənin birliyini yeni bir mərhələyə daşıyıb. Bu iki qardaş ölkə indi bütün Türk dünyasının əsas aparıcı qüvvəsi, lokomativi sayılır. Bu gün müdrik siyasi liderlərimiz, dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın əsl qardaşlıq münasibəti də, Azərbaycan və Türkiyənin sarsılmaz müttəfiqliyi də bütün dünya xalqları üçün örnəkdir. Allah bu birliyimizi, həmrəyliyimizi daim qorusun. Qardaşlığımız heç vaxt sarsılmasın!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş