Zaman-zaman ölkənin quru sərhədlərinin açılmasının vacibliyi barədə kütləvi informasiya vasitələrində təşəbbüslər irəli sürülür, təkliflər səslənir. Bəs, görəsən indiki halda quru sərhədlərinin açılmasına ehtiyac varmı?
Newscenter-az-ın xəbərinə görə "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı hələlik quru sərhədlərinin açılmasına zərurət olmadığını deyib. İctimai birlik sədrinin sözlərinə görə, xüsusilə indiki həssas dönəmdə quru sərhədlərinin açılması ölkəmizin təhlükəsizliyi baxımından riskli addım ola bilər:
"Yaxın Şərqdə baş verən İsrail-HƏMAS müharibəsini digər regionlara, xüsusilə Qafqaza daşımaq cəhdləri var. Ən son Dağıstanda baş verənlər, Mahaçqala hava limanında yaşananlar bunun əyani sübutudur. Yaxın Şərqdə savaşın davam edəcəyi təqdirdə İranın da bu müharibəyə qoşulacağı şübhəsizdir. Bunun da Cənubi Qafqaz, xüsusilə də Azərbaycan üçün ciddi problemlərin meydana gətirəcəyinə heç bir şübhə yoxdur. Bu baxımdan quru sərhədlərinin açılmasına indiki həssas məqamda heç bir halda ehtiyac yoxdur".
Arzuman Muradlı hesab edir ki, quru sərhədlərinin açılması iqtisadi baxımdan səmərəli olsa da, ölkənin təhlükəsizliyi nöqteyi nəzərdən doğru addım olmaz:
"Hesab edirəm ki, ölkənin təhlükəsizliyi iqtisadi artımı və əldə olunacaq cüzi gəlirlər baxımından daha prioritetdir".
Anar Əliyev