Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sivilizasiyalar mübarizəsində Azərbaycanın seçimi

Sivilizasiyalar mübarizəsində Azərbaycanın seçimi


Əksər regional konfliktlər təbii mənşəli deyil hərçənd ki, xalqlar, millətlər, dövlətlər və ayrı din daşıyıcıları, icmaları arasında kənar qüvvələrin müdaxiləsi olmadan yaranmış konfliktlər də var. Ancaq böyük ölçüdə təbii şəraitdə yaranmış konfliktlərin nəzarətə götürülməsi və siyasi məqsədlərə istifadə edilməsi özlərinin böyük dövlət, güc hesab edənlərin adi praktikasıdır. Regional konfliktlərin yaranma səbəbi, onun həlli yollarının müəyyən mənada müzakirəsi, əslində dayanmış böyük bir mexanizmin tək bir kiçik detalının təmirinə bənzəyir.

Əlbəttə ki, dünyanı bürümüş regional konfliktlər əsl həqiqətdə ayrı-ayrılıqda regional məslə deyil, sivilizasiyaların arasında gedən mübarizənin detalları, yan təsirləridir.

Qafqaz, Ukrayna, Yaxın Şərq, Asiya, Afrika konfliktləri sözsüz ki, ABŞ başda olmaqla Qərb dünyasının hegemonluğu üçün istifadə etdiyi vasitədir. ABŞ dünyada tutduğu hegemon mövqeyini itirmək üzrədir. Bunun əsas səbəbi isə ABŞ-ın ayrı-ayrılıqda sivilizasiyalara, regional güclərə qarşı mübarizə aparmasıdır. ABŞ-ın Avrasiya qitəsində rəqibi mübahisəsiz Rusiyadır. Ancaq, artıq ABŞ-ın cızdığı planlar onun özü üçün hesablamadığı nəticələr verir. Rusiyaya qarşı izolyasiya siyasəti qarşı tərəfin, dövlətlərin konsolidasiyasına səbəb oldu. Cənubi Amerika ölkələri, ərəb dünyası, İran, Çinin ABŞ-a qarşı çıxdığı aydın görünür. Bir zamanlar Sovet İttifaqını yıxmaq üçün ABŞ-a əvəzsiz xidmət etmiş neft ölkəsi Səudiyyə Ərəbistanı indi ABŞ-a qarşıdır. BRİKS dövlətlərinə qoşulmaq istəyən Cənubi Amerika dövlətləri və bir sıra digər dövlətlərin sayı 40-a yaxındır. Bu qeyd edilən BRİKS ətrafında yaxınlaşma həm də hərbi blok anlaşmasını ehtiva edir. ABŞ-ın dünyaya həm siyasi və həmdə iqtisadi gücünün dayağı, simvolu ABŞ dollarının dəyərdən düşürdülməsi, beynəlxalq ticarətin müqavilə tərəfləri arasında yerli valyutalar hesabına aparılması ilə sürətlənib. Həmas (Fələstin)- İsrail müharibəsi isə ABŞ-ın planlaşdırdığı məcrada getmir. Əksinə ABŞ-ın, İsrailin rəsmi müttəfiqlərinin narazılığına səbəb olan bu müharibə ABŞ-ın və İsrailin təklənməsini dərinləşdirir. ABŞ prezidenti Co Bayden oktyabrın 17-də Qəzzada xəstəxanaya yüzlərlə fələstinlinin ölümü ilə nəticələnmiş hücumdan sonra Yaxın Şərqdə planlaşdırılan görüşlərin təxirə salınması fonunda İsrailə səfər etsə də, İsrail-Həmas müharibəsini müzakirə etmək üçün Fələstin prezidenti Mahmud Abbas, İordaniya kralı Abdullah və Misir prezidenti Əbdülfəttah Sisi ilə birlikdə oktyabrın 18-də İordaniya paytaxtı Əmmanda keçiriləcək sammitin baş tutmaması əlbəttə ki, ABŞ-ın nüfuzunun, təsirinin istənilən səviyyədə olmamasının sübutudur. Bir müddət sonra ABŞ dövlət katibi Entoni Blinkinin Türkiyəyə səfəri zamanı aşağılanması və lazımı diplomatik qaydalarla qəbul edilməməsi ABŞ-ın regionda mövqeyinin göstəricisidir.

Ukrayna cəbhəsində vəziyyət isə daha kirtikdir. Rusiya- Ukrayna müharibəsində hiss olunan “dalan” nəinki hərbi xarakterlidir. Çıxılmaz vəziyyət siyasi-diplomatik, psixoloji cəhətdən daha qabarıqdır və həlledici hala malikdir. Artıq bəllidir ki, Qərb Ukraynanı Rusiya ilə yaratdığı qarşıdurmada tək buraxır. Ukrayna üçün Rusiya ilə müharibə “şüuraltı milli mübarizə forması”nı aldığından və bu nəticə Qərbi istədiyinə uyğun gəldiyindən, artıq Qərb Ukraynaya lazımı maddi, texniki, hərbi yardımını dayandırır. ABŞ başda olmaqla Qərb Rusiyaya qarşı Ukrayna planını bitmiş hesab edir. Məsələ o həddə gəlib ki, Ukraynada növbəti prezident seçkiləri keçirməklə Vladimir Zelenskinini devirməklə Qərb Ukraynaya, Zelenskiyə verdiyi vədlərdən yayınmağı düşünür. Ancaq, Zelenski bu planları anladığından Ukraynanın müharibə şəraitində prezident seçkilərinin keçirilməsinin əleyhinə olduğunu bildirib. Ukraynanın taleyi çətin sınaqlar qarşısındadır.

Cənubi Qafqazda isə Qərbin Rusiya ilə bağlı planları əlbəttə ki, Qarabağda məhv edilmiş separatçı rejimlə, ermənilərlə bağlı olub. Azərbaycan dövlətinin yaratdığı reallıqlar isə həm Qərbin və həm də Rusiyanın Azərbaycanla bağlı istəklərini mümkünsüz etdi. Azərbaycan siyasi iradəsi, hərbi gücü hesabına öz suverenliyini tam bərpa etdikdən sonra regionun söz sahibi olduğunu qəbul etdirdi. Ermənidən çox erməni olan Fransanın “CAP Freedom of Conscience” - CAP-LC hüquq müdafiə təşkilatı Azərbaycan tərəfindən Qarabağın erməni sakinlərinə qarşı etnik təmizləmə aparılmadığını təsdiqləyib. Xankəndində 8 Noyabr Zəəfər-Qələbə paradından sonra Fransanın məşhur “Lopinion” qəzetində jurnalist

Jean-do Merchet Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə çatdırmaqda həmdə onu göstərmiş olur ki, Fransa da artıq Azərbaycan həqiqətlərini qəbul etməyə məhkumdur. Əlbəttə Qərb Rusiyaya qarşı Cənubi Qafqaz meydanında Azərbaycan maraqlarına təhlükə yarada biləcək imkanların məhv edilməsi ilə planlarından geri çəkilən deyil. Sözsüz ki, Qərb heç bir halda Rusiyanı Ermənistandan çıxara bilməyəcək. 2020-ci il Vətən müharibəsindən sonra İran Ermənistanda Rusiyanı əvəzləməyi hesablasa da, Ermənistanın Qərbə inteqrasiyası planları İranı Rusiya ilə eyni tərəfə çevirdi. Sözsüz İran da Ermənistanın Rusiya orbitində qalmasına maraqlı tərəfdir və məhz buna görə də İranla Ermənistan arasında əvvəlki kimi “qardaşlıq münasibəti” pozulub. Ermənistanda antirus təbliğatı və Qərbyönlülük siyasət nə qədər güclü olsa da, Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşması üçün praktik hərəkətə keçməyə cəhd etməyəcək. Bəli, Rusiyanın patronajında olan təşkilatlarda iştirakının demarş halları siyasi-diplomatik cığalıqdan başqa bir şey deyil. Əgər Rusiya özünün qardaş slavyan xalq hesab etdiyi pravoslav Ukraynanın qərbəmeyilliyinə müşahidə etdiyimiz Rusiyanın Ukraynaya təcavüzü ilə və torpaqlarının işğalı ilə cavab verdisə, bu baxımdan Rusiyanın bir başa iştirakı ilə yaratdığı qriqaryan erməniləri üçün saxta Ermənistan dövlətinin Rusiyadan qaçması heç bir halda mümkün deyil.

Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova 09 noyabrda keçirdiyi brifinqdə “O ki qaldı kommunikasiyaların mühafizəsi ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin strukturunda xüsusi bölmənin yaradılmasına, diqqətinizə çatdırmaq istəyirəm ki, qeyd etdiyim üçtərəfli razılaşmalara müvafiq olaraq Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirməlidir”- deyə bildirib. Azərbaycan 19 sentyabrda başladığı “lokal antiterror tədbirləri” ilə öz ərazilərinə suverenliyini tam bərpa etdikdən sonra, yaranmış reallıqda regionda rus sülhməramlılarına ehtiyacın olmadığı, Avropa İttifaqının hərbiçilərinin, xüsusi xidmət orqanlarının mülki missiya adı ilə Ermənistana yerləşməsi və Paşinyan hakimiyyətinin aşkar niyyəti bəlli olduğu halda, Zəngəzur dəhlizinin açılması ehtimalı ilə Rusiyanın Ermənistanı tərk edəcəyini belə düşünmək sadəlövhlükdür.

Yeri gəlmişkən onu da qeyd edim ki, Ermənistanla Azərbaycan arasına yekun sülh müqaviləsinin imzalanması Ermənistanın istədiyi kimi, ərazilərin konkret sahəsi ilə göstərilməsi şərti ilə mümkün olmayacaq. Ancaq bu o deməkdə deyil ki, Ermənistan-Azərbaycan arasında sülh mahiyyətli razılaşma imzalana bilməz. Düşünürəm ki, hər iki dövlətin ərazilərinin sahəsi, sərhədlərin delimitasiyası sülh razılaşmasından ayrı şəkildə də həll edilə bilər. Hər bir halda, əgər Ermənistanla Azərbaycan arasında hər hansı bir sülh mahiyyətli razılaşma əldə edilərsə, məkanından asılı olmayaraq imzalanma ancaq Rusiyanın iştirakı ilə mümkün olacaq. Rusiyasız imzalanmış belə bir razılaşmanın dayanıqlı olacağı böyük sual altındadır.

104 il sonra Xankəndidə keçirilən Zəfər paradı və Ali Baş Komandan İlham Əliyevin bəyanatları onu deməyə əsas verir ki, Azərbaycan dövləti qüdrətli olmaqla yanaşı, prioritetlərini, hədəflərini, inkişaf istiqamətlərini dəqiq və düzgün müəyyən edib. Sivilizasiyaların mübarizəsi fonunda Azərbaycanın, Türkiyənin, Rusiyanın milli maraqları üst-üstə düşür. Rusiyanın türk və islam dünyası tərəfindən qəbul edilməsinin əsas sərtlərindən əlbəttə ki, əhalisinin əhəmiyyətli hissəsinin türk mənşəli, islam daşıyıcıları olması Rusiyanın islam dəyərlərinə önəm verməsi, hörmət etməsidir. Bəli, Rusiya Azərbaycan xalqın milli kimliyinə, dövlətçiliyinə həmişə düşmən mövqeyində olub və inanmaq da olmaz ki, Rusiya imperialist, şovinist mahiyyətindən əl çəkər. Sivilizasiyaların mübarizə apardığı bir dövrdə, Qərbdən bizə daha yaxın olan Rusiyanın maraqlarını nəzərə almağımız Azərbaycanın, Türkiyənin daha da güclənməsini, dünya masştabında söz sahibinə çerilməyimizi şərtləndirir.

Vüqar Dadaşov
Xəbəri paylaş