İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 636:2023 "Yol nəqliyyat vasitələri. Ekoloji siniflər" dövlət standartı qəbul edilib.
Newscenter.az-a Xidmətdən bildirilib ki, bu standart ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələbləri formalaşdırmaq, onların ətraf-mühitə, insan həyatına və sağlamlığına vurduğu ziyanı azaltmaq, həmçinin ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadəni genişləndirmək, təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsini stimullaşdırmaq və zəruri infrastrukturu yaratmaq məqsədilə AZS 636-2012 “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartının əvəzinə işlənib hazırlanıb.
Standart layihəsi “Yol nəqliyyatı” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 19) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.
"AZS 636:2023 "Yol nəqliyyat vasitələri. Ekoloji siniflər" dövlət standartı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın və Dövlət Proqramına dair Fəaliyyət Planının icrası məqsədilə yenidən işlənilib", -deyə Dövlət Xidmətinin məlumatında bildirilir.
Sona