Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkmənistandan Azərbaycana elektrik enerjisinin ixracı imkanları müzakirə olunub

Türkmənistandan Azərbaycana elektrik enerjisinin ixracı imkanları müzakirə olunub


Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi, potensial birgə layihələr, enerji tərəfdaşlığının gücləndirilməsi məsələlərini müzakirə olunub.

Bu barədə Newscenter.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Türkmənistana işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşdə ölkələrin ikitərəfli, regional və beynəlxalq müstəvidə əməkdaşlığının güclənməsi istiqamətində həyata keçirilən işlər və onların səmərəli nəticələri barədə müzakirə aparıb. İki ölkənin malik olduğu zəngin potensial və resurslara uyğun olaraq, tərəfdaşlığın şaxələndirilməsi üçün əlverişli imkanlar qeyd edilib. Mərkəzi Asiya ölkələri arasında ən çox Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin olması vurğulanıb, humanitar, nəqliyyat-tranzit, limanlararası əməkdaşlıq, həmçinin Türkmənistandan Azərbaycana elektrik enerjisinin ixracı imkanları müzakirə edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin Nazirlər Kabinetinin sədrinin müavini Batır Amanov və həmkarları ilə görüşdə qeyd edilib ki, ölkələr arasında enerji sahəsində əməkdaşlığın gələcək inkişafı üçün yaxşı perspektivlər var. Azərbaycan-Türkmənistan əməkdaşlığının əsas istiqamətlərindən olan həmin sektorda artıq möhkəm əlaqələr qurulub. Birgə görüşdə ölkələrin energetika sahəsində tərəfdaşlığının gündəliyində olan məsələlər müzakirə olunub. Tərəflər enerji mübadiləsi üzrə əməkdaşlığın mövcud vəziyyəti, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı barədə fikir mübadiləsi aparıblar.

R.Mehdiyeva
Xəbəri paylaş