"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində əsirlərin qarşılıqlı olaraq azadlığa buraxılması və eləcə də digər etimad tədbirlərinin elan edilməsi mühüm siyasi addımdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, Ermənistanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycanın namizədliyini dəstəkləməsi də tərəflər arasında xoş niyyətin təzahürü kimi qəbul oluna bilər:
"Xüsusilə də indiki mərhələdə yəni, tərəflərin sülh müqaviləsi, sərhədlərin delimitasiyası və iki ölkə arasında münasibətlərin normallaşdırmaq üzərində işlədiyi bir vaxtda bu addım sözsüz ki, etimadın möhkəmləndirilməsinə təsir göstərəcək.
Onu da vurğulamaq lazımdır ki, bu razılaşma Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib. Bu şəkildə qərarların qəbulu bir daha Azərbaycan tərəfinin vasitəçisiz danışıqlar formulunun əhəmiyyətini sübut edir. Bu, bir daha göstərir ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülh prosesini irəli apara bilərlər və xarici təsirlər olmadan tərəflərin daha tez şəkildə ortaq məxrəcə gəlmə ehtimalı daha böyükdür".
Politoloq qeyd edib ki, əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi həm də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan insanına, ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir:
"Bu razılaşmada ən önəmli məqamlardan biri də Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslərin razılşmadan kənarda tutulması ilə bağlıdır.
Sözsüz ki, əldə olunan razılaşma Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ümüdlərini artırır. Məlumdur ki, Azərbaycanın beş baza prinsip əsasında təklif etdiyi sülh sazişinə Ermənistan tərəfi də artıq öz təkliflərini təqdim edib. Odur ki, indi əsas məsələ Ermənistanın nəhayət ki, sözün əsl mənasında kənar təsirlərlə deyil, müstəqil qərar qəbul etməsinə bağlıdır. Əgər Ermənsitan bunu bacaracaqsa, kənar oyunçuların maraqlarından deyil Ermənistanın maraqlarından çıxış edəcəksə o zaman sülh Sazişinin bağlanmasında da hər hansı problem olmayacaq".
Anar Əliyev