Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fevralın 7-si ən yeni siyasi tariximizə radikal müxalifətin iflas günü kimi düşəcək

Fevralın 7-si ən yeni siyasi tariximizə radikal müxalifətin iflas günü kimi düşəcək


Seçkilər siyasi qüvvələr, liderlər üçün lakmus kağızı rolunu oynayır. Kimin kim olduğu, hansı liderin nə qədər elektoral bazaya malik olması, xalqın hansı lideri dəstəkləməsi məhz seçkilər zamanı üzə çıxır. Bu baxımdan güclü siyasi təşkilatlar, qələbə qazanacağına inanan təcrübəli siyasi liderlər seçki institutunu bütün varlığı ilə dəstəkləyir və istər ənənəvi, istərsə də növbədənkənar seçkiləri təqdirlə qarşılayırlar. Bu qəbildən olan təşkilatlar və liderlər hər zaman seçkilərə hazırlıqlı olurlar. Onlar növbədənkənar prezident və ya parlament seçkiləri haqqında qərarın gözlənilməz olduğunu bəhanə edərək seçkidə iştirakdan yayınmır, əlləri ətəklərindən uzun şəkildə mübarizə meydanını qorxaqcasına tərk etmirlər. Lakin seçici bazasının olduqca zəif olduğunu bilən, əsas rəqibə uduzacaqlarını öncədən hiss edən və bunu öz siyasi mövcudluqlarının sonu kimi dəyərləndirən, marginallaşmış siyasi qüvvələr isə minbir bəhanə ilə seçkilərdə iştirak etməkdən boyun qaçırır, seçkiləri boykot etmək yolunu tuturlar.

Məsələyə bu kontekstdən yanaşdıqda, 2023-cü ilin yaz-yay dönəmində 5 min nəfər üzvün reyestr məlumatlarını vaxtında və tələblərə uyğun formada toplayıb təkrar qeydiyyatdan keçməyə çətinlik çəkən, lakin bununla belə özlərini “ana müxalifət”, “həqiqi müxalifət”, “real müxalifət” adlandırmaq azarından da heç cürə əl çəkə bilməyən AXCP və Müsavat kimi partiyacıqların gələn ilin fevralın 7-ə təyin edilmiş növbədənkənar prezident seçkilərini boykot etmək taktikasını seçmələrinin əsl səbəbi aydın olur və cəmiyyətimiz onların bu qərarına əsla təəccüblənmir. Bəli, onların bu antimilli və antidemokratik addımlarında gözlənilməz heçnə yoxdur. 44 günlük Vətən müharibəsi zamanı və 19-20 sentyabr lokal antiterror əməliyyatının gedişində bütün partiyalarla birlikdə Rəşadətli Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandana dəstək xarakterli bəyanata qoşulmaqdan imtina edən, hətta Xankəndidə keçirilən Zəfər paradının belə əhəmiyyətini kiçiltməyə çalışan radikal partiyacıqların liderlərinin 7 fevral seçkilərinə münasibətdə sağlam mövqe sərgiləyəcəklərini gözləmək sadəlövhlük olardı.

Biz bu partiyacıqların da, onların inkarçı liderlərinin də siyasi anatomiyasına və xislətlərinə yaxşı bələdik. Bu adamlarda pozitivlik adına, işıqlı düşüncə adına heçnə yoxdur. Onlar hər şeyi qara rəngdə görməyə vərdiş ediblər. Çünki ilin bütün mövsümlərində ölkə reallıqlarına yalnız qara eynəkdən baxırlar. Tariximizin işıqlı parçasına imza atmış, Cümhuriyyətimizin qurulmasında önəmli rol oynamış əski Müsavat firqəsindən fərqli olaraq bu günkü Müsavat və onun AXCP adlı yandaşı tamamilə antimilli mövqe tutur, destruktiv addımlar atır. Başqa sözlə desək, AXCP-Müsavat cütlüyü tarixi varislik missiyasının öhdəsindən gəlməyi bacarmır. Bu siyasi klubların, dərnəklərin rəhbərləri o miqyasın, o potensialın adamı deyillər. Cümhuriyyət qurucularının yüksək amalı, böyük vizyonu bunlarda əsla yoxdur.
Arif Hacılı və Əli Kərimli kimi siyasi bankrotlar kiçik miqyaslı siyasi hesablaşmaların, firqələr arası və firqə daxili intriqaların, çəkişmələrin ustasıdırlar. Onlar pafoslu cümləpərdazlığın, cəlbedici universal şüarların altında əslində dar düşüncələrin təmsilçisi kimi, şəxsi maraq və mənafelərin müdafiəçisi kimi çıxış edirlər. Qərbin, Avropa İttifaqının ənənəvi ehkamları ilə “silahlanmış”, zombiləşmiş bu adamlar ölkədə və dünyada baş verən proseslərə, İkinci Qarabağ müharibəsindən və lokal antiterror əməliyyatından sonra Azərbaycanda və Cənubi Qafqazda yaranmış yeni reallıqlara nə qlobal aspektdən, nədəki bir Azərbaycan vətənpərvəri kimi yanaşa bilmirlər. Çəbhəçi-müsavatçı bəylərin təfəkkürü yalnız iqtidar-müxalifət mübarizəsi anlayışına hesablanıb. Onların beyinləri yalnız bu rejimdə çalışır, işləyir.

Ariflər, əlilər, cəmillər, gültəkinlər iqtidar-müxalifət qarşıdurması müstəvisindən başqa heçnəyi görmür və təsəvvür belə edə bilmirlər. Bu da bir psixoloji natamamlıqdır, xəstəlikdir. Və onların qeyri-adekvatlığının səbəbi də elə bundadır. Onların 30 illik siyasi uğursuzluqları, davamlı məğlubiyyətləri də məhz bundan qaynaqlanır. Görünən budur ki, onların bu xəstəliyinin müalicəsi də yoxdur. Radikal müxalifət sağalmaz xəstəliyə tutulub. İnkarçılıq, ifratçılıq, radikallıq xəstəliyinə! Hər seçkidə həvəslə istifadə etdikləri boykotçuluq xəstəliyinə! Və boykotçuluğun onları siyasi autsayderlərə çevirdiyini, siyasətin dışına itələdiyini, “oyundankənar” vəziyyətə saldığını da dərk edə, görə bilmirlər.
Beləliklə, müxalifətin çoxillik faciəsi yenə də davam edir. Əvvəlki seçkilərdə olduğu kimi AXCP və Müsavatın “uzaqgörən”, “dahi”, “müdrik” liderləri budəfə də yeganə çıxış yolunu boykotda gördülər. Çünki onlar Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş, 30 illik işğala son qoymuş, üçrəngli bayrağımızı Xankəndidə ucaldaraq cəmiyyətin birmənalı dəstəyini qazanmış İlham Əliyev kimi güclü siyasi rəqibə qalib gəlməyin mümkünsüzlüyünü anladıqlarına görə ilk başdan boykot yolunu tutmağı, seçkinin nəticələrini öncədən şübhə altına almağı, kirli texnologiyaları işə salmaqla seçki prosesinin demokratikliyinə kölgə salmağı özləri üçün ən rahat, ən optimal yol hesab edirlər.

Əli Kərimli bütün “qırmızı xətt”ləri aşaraq hətta beynəlxalq birliyi Azərbaycan iqtidarına sanksiyalar tətbiq etməyə də çağırış edir. Bu “peşəkar siyasət uzmanı” dərk edə bilmir ki, hazırkı iqtidarın torpaqlarımızı işğaldan azad etməsini, Qarabağda erməni separatizminə son qoymasını həzm etməyən, qəbullanmayan Fransa kimi bəzi qlobal güclərin, Avropa İttifaqı kimi ermənipərəst siyasi mərkəzlərin indiki kritik məqamda Azərbaycan rəsmilərinə sanksiyalar tətbiq etməsi əslində birbaşa Azərbaycan dövlətinə qarşı yönəlmiş olacaq. Lakin dövlətimizin sanksiyalara məruz qalacağı faktı AXCP liderini əsla narahat eləmir. Çünki özünü qlobal güclərin, anti-Azərbaycan qüvvələrin əlaltısı kimi aparan Əli Kərimli üçün yalnız özünün dar, məhəlli maraqları öncəlik təşkil edir. AXCP lideri ümummilli məsələlərə yalnız öz kirli və dar “pəncərə”sindən baxır. Ona görə də İlham Əliyevin milli maraqlarımız naminə müstəqil siyasət yürütməsi onu sevindirmək əvəzinə, qəzəbləndirir. Bu da təbiidir. Çünki bu adam ölkəmiz, xalqımız üçün taleyüklü məqamlarda həmişə siyasi cılızlıq nümayiş etdirib.

Bütün dünyada qəbul olunmuş klassik siyasi mədəniyyət normalarından, ənənələrindən yanaşsaq, əslində seçkidə bərabər imkanların yaradılmasına görə AXCP və Müsavat liderləri canlı robotlar kimi mexaniki surətdə boykot taktikasına əl atmaq əvəzinə iqtidara (dövlətə) təşəkkür etməliydilər. Onu da nəzərə alsaq ki, məhz növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP üçün qurultayının keçirilməsinə icazə verilib və bu məqsədlə qurultay üçün müvafiq məkan da ayrılıb, canlı yayım üçün şərait yaradılıb, o zaman radikal müxalifətin seçki ilə, qeyri-bərabər şəraitlə, demokratik mübarizə imkanlarının olmaması ilə bağlı iddiaları tamamilə əsassızdır, ağ yalandır. Bütün bunlar onların qeyri-obyektivliyini və qeyri-səmimiliyini göstərir. Hər zaman internetinin olmamasından dəm vuran və buna görə cəmiyyətdə lağ, gülüş obyektinə çevrilən AXCP liderinin qurultayda çıxışının internet üzərindən canlı yayımlanması da onun riyakarlığını üzə çıxarır.

Əvvəlki seçkilərdə boykot taktikasından yararlanmağa çalışan AXCP və Müsavat rəhbərləri bu dəfə reallıqları düzgün hesablaya bilmədilər və yanlış olaraq düşündülər ki, eyni taktika bu dəfə də effektiv olacaq, onların işinə yarayacaq. Lakin gözləntiləri doğrulmadı. Yanıldılar. Həm də çox ciddi şəkildə yanıldılar. Onlar bu addımı atmaqla özlərini xalqın gözündən saldılar. Çünki xalqımız Zəfər seçkilərində bütün siyasi qüvvələrdən həmrəylik gözləyirdi. Lakin vətəndaşlarımız bir daha əyani surətdə gördü ki, radikal müxalifətdə milli birlik, həmrəylik anlayışı yoxdur.
Ona görə də onların “qəfil seçki”, “növbədənkənar seçki”, “qeyri-bərabər imkanlar”, “gözlənilməz seçkilərə hazırlıqsızlıq” kimi çeşidli bəhanələri indi onların öz əleyhinə işləyir. Peşəkar siyasətdə bu cür absurd anlayışlar, bəhanələr qətiyyən işə yaramır. Heç kim bu cür bəhanələri ortaya atmaqla özünün siyasi impotentliyinə, səriştəsizliyinə, bacarıqsızlığına haqq qazandıra bilməz. Sən siyasət meydanındasansa və özünü “ana müxalifət lideri”, peşəkar siyasətçi-flan hesab edirsənsə, o zaman zəhmət çəkib bu iddialarına uyğun olmalısan və hətta ən əlverişsiz seçki kampaniyasına da qatılmağı, müəyyən dividendlər qazanmağı özünə borc bilməlisən. Ümumiyyətlə, əgər siyasi partiya liderisənsə, heçbir bəhanə gətirmədən seçkiyə qatılmalısan. Seçkilərdə iştirak etmək siyasi partiyaların təkcə hüququ deyil, həm də vəzifəsidir. Seçkilərdən yayınan partiya isə partiya deyil, sıradan bir dərnəkdir, ən yaxşı halda siyasi diskussiya klubudur. Və zənnimizcə, bütün bu adidən də adi həqiqətləri əli kərimlilər, arif hacılılar özləri də yaxşı bilirlər. Ancaq buna rəğmən yenə də boykot yoluna üstünlük verdilər. Bu da səbəbsiz deyil. Onların bu addımının pərdəarxası motivləri var.

Birincisi, destruktiv müxalifətin sağlam rəqabətin əvəzinə təxribatları seçməsi və seçkiləri qərəzli şəkildə boykot etməsi onların xarici qüvvələrə xidmət etmələrinin təzahürüdür. Seçkiləri boykot etmək açıq-aşkar siyasi təxribatdır və bu təxribatı onlara hazırda Azərbaycana qarşı çirkin qaralama kampaniyası aparan, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsini qəbul etmək istəməyən və Azərbaycanı sanksiyalar vasitəsilə beynəlxalq təcrid vəziyyətinə salmaq istəyən bəlli xarici güclər tapşırıb. AXCP və Müsavat öz siyasi iradələri ilə yox, anti-Azərbaycan güclərin diktəsi ilə hərəkət edir. Bu siyasi qurumlar Fransa prezidentinin “patron”luq etdiyi Avropa İttifaqının yedək təşkilatlarına çevriliblər. Və yedəklik “missiya”larına (daha doğrusu, öhdəliklərinə) uyğun olaraq da 7 fevral seçkilərinə münasibətdə “kirli” siyasi texnologiyaların, “boykot” metodunun, qərəzli informasiya manipulyasiyalarının tətbiqinə start veriblər. Çünki Qərbdəki ağaları belə tapşırıb.

Azərbaycanın düşmənləri Prezident İlham Əliyevin tarixi uğurlarının və Ordumuzun şanlı Zəfərinin nəticələrini siyasi kataklizmlərlə, sosial-iqtisadi böhranlarla əvəz etmək üçün düyməyə basıblar və bu cür məkrli planlarını da məhz daxildəki destruktiv qüvvələrin, radikal müxalifətin əli ilə gerçəkləşdirməyə çalışırlar. Sifarişli təxribat vasitəsi və ucuz, hiyləgər addım sayılan “boykot” texnologiyası da onlara məhz bununçün lazımdır. Lakin onların bu hiylələri, təxribatları, seçkiyə getməmək üçün uydurduqları ağlasığmaz bəhanələr bütün hallarda uğursuzluğa məhkumdur.
Böyük siyasətdə prinsipial və sağlam mövqe nümayiş etdirə bilməyən qüvvələrin “boykot çətiri” altına sığınması onsuz da onları siyasi fiaskodan xilas etməyəcək. Azərbaycanın tarixi qələbələrinin sonrakı taleyini müəyyən edəcək bu seçkilərdə həlledici sözü çürük siyasi qüvvələrin yıpranmış “boykot” taktikası yox, müdrik xalqımız deyəcək. Azərbaycan xalqı ona Qələbə sevincini yaşadan Ali Baş Komandanına, ölkəmizi təhlükəsiz gələcəyə və davamlı inkişafa aparmağın yollarını yaxşı bilən təcrübəli siyasi Liderinə - İlham Əliyevə səs verəcək. Bir sözlə, fevralın 7-si ən yeni siyasi tariximizə radikal müxalifətin iflas günü kimi düşəcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş