“Özbəkistanın ən çox inkişaf edən sahəsi tekstil sahəsidir ki, bu sahədə Azərbaycanla çox gözəl əlaqələr qurula bilər”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) sədri Ruslan İmanzadə səsləndirib.
ATUİAB sədri qeyd edib ki, Azərbaycanın da buna ehtiyacı var:
“Eyni zamanda kənd təsərrüfatı, aqrar sahədə, xüsusilə pambıqçılıq, meyvə-tərəvəz sahəsində Özbəkistanla çox yaxşı əlaqələr qurula bilər. Həmçinin, Özbəkistanda yüngül sənaye sahəsi çox sürətlə inkişaf edir və Azərbaycanla bu sahədə də əlaqələri inkişaf etdirmək mümkündür”.
Təşkilat sədri qeyd edib ki, Azərbaycan isə Özbəkistana neft və qaz sahəsində töhfə verə bilər:
“Bu ölkədə neft və qaz sahəsinin inkişafına dəstək, kömək göstərilə bilər. Bundan başqa Özbəkistandakl tikinti sektorunda Azərbaycanın payının artması lazımdır. Bu gün Özbəkistan ərazisində sürətli tikintilər həyata keçirilir və azərbaycanlı iş adamları bu sahədə aktiv iştirak edə bilərlər.
S.İsmayılbəyli