Rusiya Cənubi Qafqaz siyasətinə deyəsən yenidən nəzər yetirməli olub. Bir neçə ay gərgin qalan Ermənistanla münasibətləri yenidən inkişaf etdirməyə çalışan Kremlin regionla bağlı yeni planlar üzərində işlədiyi şübhəsizdir. Ancaq müəyyən mənada fərqli düşünənlər də var.
Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi deyib ki, Cənubi Qafqazla bağlı, Rusiyanın hədəfində və məqsədində heç bir dəyişiklik yoxdur. Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda mövcuddur və bu mövcudluğu nəyin bahasına olursa-olsun qorumaq istəyindən daşınması inandırıcı deyil:
"Bu səbəbdən Rusiya, Cənubi Qafqazda özündən başqa heç bir qüvvənin varlığını həzm edən deyil və hər bir halda bunu özünə təhdid kimi qəbul edəcək. Məhz bunun nəticəsidir ki, Ermənistan və Azərbaycan arasında yekun sülh müqaviləsinin bağlanması istiqamətində proseslər uzanır. Proseslərin Qərb platformasında həlli də nəticə vermir. Cünki, danışıqlar prosesinin Qərb platformasında həlli, Rusiyanın Cənubi Qafqazla bağlı geosiyasi maraqlarına ziddir. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanması prosesində Rusiya, əlindən gələni edir ki, burda Qərbi kənarda saxlasın və hər hansı bir razılaşma və sənəd imzalanacaqsa, bu Rusiyanın vasitəçiliyi ilə baş tutsun".
Ekspert deyib ki, ABŞ və Avropa İttifaqı, Rusiyanın zəiflədiyini bəyan etsələr də , Ukrayna məsələsində nə qədər ehtiyatlı davrandıqlarını görürük:
"Bu da o anlama gəlir ki, Rusiya heç də zəif bənd hesab edilməməlidir və əksinə Rusiyanın nə edəcəyi bəlli deyil. Bu səbəbdən hökumətimizin balanslı siyasəti davam etməlidir və heç bir halda Ermənistan kimi Qərbin qazına gəlməyə ehtiyac yoxdur. Rəsmi Vaşinqton Ermənistanın vasitəsilə Rusiyaya ikinci cəbhə açmağa cəhd etdi və Ermənistan əlindəki kartları və strateji movqelərini məhz Rusiyanın arxasından çəkilməsi ilə əlindən verdi. Rusiya bunu Ermənistana bağışlamadı, necə ki, Ukrayna məsələsində olduğu kimi. Bütün bu reallıqlar bizə əsas verir ki deyək, Rusiya ilə münasibətləri saxlamaq siyasəti bizə yalnız qazanc gətirir və əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə bağlanacaq sülh sazişinin imzalanması prosesində Rusiyanın strateji maraqları hər iki ölkə arasında qəbul ediləcəyi halda baş verə bilər və bu maraqlar xüsusilə Qərbin Cənubi Qafqaza yürüşünə və girişinə izn verməməklə öz əksini tapmalıdır. Məhz Azərbaycan tərəfi bu gün, bu siyasətin öhdəsindən layiqincə gələ bilir".
Anar Əliyev